NASA-nın astronavtları Ay ətrafı uçuşa göndərəcək SLS raketi tam hazırdır
Elm & Texnologiya
22.10.2025
Emil
NASA-nın müvəqqəti rəhbəri Sean Duffy elan edib ki, “Artemis-2” missiyası üçün nəzərdə tutulan SLS (Space Launch System) raketi tam şəkildə yığılıb və astronavtları Aya daşımağa hazırdır. “Biz missiyanın tamamlanmasına bir addım da yaxınlaşdıq!” - deyə o, X sosial şəbəkəsində yazıb. SLS raketinin yığılmasının son mərhələsi onun ən yuxarı hissəsinə Orion kosmik gəmisinin quraşdırılması olub. Bu, bir neçə gün əvvəl baş verib. Kosmik gəmi bu ilin may ayında Floridada yerləşən NASA-nın Kennedi Kosmik Mərkəzinə gətirilmiş və burada hərtərəfli yoxlamadan, həmçinin raket sisteminə inteqrasiya prosesindən keçmişdi. Aya astronavt ekipajı ilə ilk uçuş üçün start pəncərəsi 2026-cı il fevralın 5-də açılacaq və 26 aprel tarixinə qədər aktiv olacaq.
NASA hesab edir ki, buraxılış bu tarix aralığının əvvəlində baş tutacaq. Bundan əvvəlki Ay uçuşu zamanı yaranmış bir çox problemlərin - məsələn, raketin son yanacaq doldurulması mərhələsində yanacaq komponentlərinin sızması kimi - bu dəfə təcrübə sayəsində qarşısının alınacağı gözlənilir. Astronavtların göndəriləcəyi missiya cədvəldən xeyli geri qalır. Əgər pilotsuz Orion kosmik gəmisinin Ay ətrafında uçuşu 2022-ci ilin dekabrında baş tutmuşdusa, ekipajlı uçuş yalnız ilk missiyadan 3 il sonra həyata keçiriləcək. “Artemis-3” missiyası çərçivəsində astronavtların Aya enişi də təxirə salınacaq: əvvəllər bu, 2027-ci ilə planlaşdırılsa da, indi daha real tarix kimi 2028-ci il göstərilir.
Lakin bir çox ekspertlər bu tarixə də şübhə ilə yanaşır və ABŞ hakimiyyətini səylərini artırmağa çağırır ki, amerikalı astronavtlar 2030-cu ildən əvvəl - həmin vaxta qədər Aya Çin ekipajının enə biləcəyi ehtimal olunan dövrdə - Aya eniş edə bilsinlər. Hər halda, “Artemis 2” missiyası sürətlə yaxınlaşır. Bu tarixi uçuşda NASA astronavtları iştirak edəcəklər: komandir Reid Wiseman, pilot Victor Glover, missiya mütəxəssisi Christina Koch və Kanada Kosmik Agentliyinin astronavtı Jeremy Hansen. Kosmik gəmi Ayı böyük məsafədən dövrə vuracaq, lakin onun orbitinə çıxmayacaq. Bu uçuş, həyat təminatı sistemlərinin real şəraitdə işləməsini sınaqdan keçirmək məqsədi daşıyır. Aya birbaşa eniş isə “Artemis 3” missiyasının ekipajı tərəfindən həyata keçiriləcək.
Paylaş