NASA Voyager 2-ni işlək saxlamaq üçün plutonium enerjisindən maksimum istifadə edir
Elm & Texnologiya
07.08.2026
Sevinj
NASA mühəndisləri 49 ildir kosmosda fəaliyyət göstərən Voyager 2 kosmik aparatının missiyasını daha da uzatmağın yeni yolunu tapıblar. Aparatın enerji ehtiyatları tükənməyə yaxınlaşsa da, aparılan optimallaşdırmalar sayəsində onun elmi müşahidələrini ən azı daha bir il davam etdirməsi mümkün olacaq. Voyager 2 hazırda Günəş sisteminin hüdudlarını geridə qoyaraq ulduzlararası fəzada hərəkət edir. Təxminən 13,3 milyard mil (21,4 milyard kilometr) uzaqlıqda yerləşən aparat saatda 54 min kilometrdən çox sürətlə yoluna davam edir. 1977-ci ildə buraxılan Voyager 2 ilkin olaraq cəmi 5 il fəaliyyət göstərmək üçün hazırlanmışdı. Lakin o, artıq 49 ildir işləyir və bəşəriyyətin ən uzaq məsafəyə çatan kosmik missiyalarından biri hesab olunur.
Kosmik aparat ilk illərdə 10 elmi cihazla fəaliyyət göstərsə də, hazırda onlardan yalnız 3-ü işlək vəziyyətdədir. Bu cihazlar ulduzlararası fəzadakı yüksək enerjili hissəcikləri, maqnit sahəsini və plazma dalğalarını ölçərək alimlərə bu mühit haqqında vacib məlumatlar ötürür. Voyager 2 elektrik enerjisini plutoniumun radioaktiv parçalanması nəticəsində yaranan istiliyi elektrikə çevirən radioizotop termoelektrik generatorlarından (RTG) alır. Lakin plutonium zəiflədikcə aparatın istehsal etdiyi enerji hər il təxminən 4 vatt azalır.
NASA mühəndisləri bu dəfə "Big Bang" adlandırılan yeni optimallaşdırma üsulundan istifadə ediblər. Bunun üçün yüksək enerji sərf edən bəzi sistemlər söndürülüb, onların yerinə daha az enerji tələb edən alternativlər aktivləşdirilib və istilik balansı yenidən tənzimlənib. Nəticədə əlavə enerji qənaətinə nail olunub və elmi cihazların fəaliyyət müddəti ən azı bir il uzadılıb.
Paylaş
