Logo
    Neuralink-in görmə implantı hazırdır, indi rəsmi icazə gözləyir

    Neuralink-in görmə implantı hazırdır, indi rəsmi icazə gözləyir

        “Neuralink”in qurucusu Elon Musk 30 oktyabrda şirkətin 2-ci məhsulu “Blindsight” barədə yeni məlumat verib. Onun iddiasına görə, sistem tamamilə kor olan və ya heç vaxt görmə qabiliyyəti olmayan insanların görməsinə kömək edə bilər. Məhsul texniki baxımdan hazırdır və tənzimləyici qurumların icazəsini gözləyir.
        “Blindsight” beyində süni görmə yolu yaratmaq üçün hazırlanır. Kamera ətrafı çəkəcək, sistem də görüntünü beynin anlaya biləcəyi siqnallara çevirəcək. Bunun üçün BCI adlanan implant qoyulacaq. Bu texnologiya beyinlə kompüter arasında birbaşa əlaqə yaradır. Musk görüntünün keyfiyyəti və klinik sınaqların nə vaxt başlayacağı barədə məlumat verməyib.
        “Neuralink” 2016-cı ildə yaradılsa da, insanlar üzərində sınaqlara yalnız 2024-cü ildə başlayıb. İlk implantı alan şəxs düşüncə ilə kompüter kursorunu hərəkət etdirə bilirdi. Sonrakı mərhələdə iştirakçılar implantın köməyi ilə “World of Warcraft” da oynayıblar. Şirkətin ilk məhsulu “Telepathy” adlanır.
        “Telepathy” kompüterləri düşüncə ilə idarə etmək və yazmadan ünsiyyət qurmaq üçündür. Musk iddia edir ki, gələcəkdə sistemin məlumat ötürmə sürəti insanın ən sürətli yazı sürətindən xeyli yüksək olacaq. Hələlik implant yalnız kursoru idarə etmək və oyun oynamaq kimi tapşırıqlarda göstərilib.
        Hazırkı BCI layihələrinin çoxu beyin siqnalları ilə xarici cihazları idarə etməyə yönəlib. “Blindsight” məlumatı əks istiqamətdə, yəni kameradan beyinə ötürməyi hədəfləyir. Koxlear implantlar da oxşar qaydada səs siqnallarını beyinə çatdırır və eşitməyə kömək edir. “Neuralink” görmə üçün hazırlanan sistemin nə vaxt çıxacağını açıqlamayıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...