Logo
    Niderland alimləri qaranlıqda bığcıqlarla yol tapan dron hazırlayıb

    Niderland alimləri qaranlıqda bığcıqlarla yol tapan dron hazırlayıb

        Niderlandın Delft Texnologiya Universitetinin tədqiqatçıları yalnız toxunaraq istiqamətini tapan yüngül dron hazırlayıblar. Dronun fiziki bığcıqlardan ibarət sensoru qaranlıq, tozlu və tüstülü yerlərdə də işləyir. Belə məkanlarda kamera, GPS və lazerlə məsafəni ölçən LiDAR sistemi yararsız olsa belə, dron yoluna davam edə bilir. Bu həll çəkisi 100 qramdan az olan kiçik, özünü idarə edən robotlar üçündür.
    Niderland alimləri qaranlıqda bığcıqlarla yol tapan dron hazırlayıb
        Alimlər ideyanı gəmiricilərin dar və qaranlıq yerlərdə bığları ilə istiqamət tapmasından götürüblər. Dronun ön hissəsinə bucaq altında yuxarı yönələn 2 bığcıq qoyulub. Hər bığcığın dibində 3 kiçik təzyiq sensoru var. Bığcıq səthə toxunanda təzyiq dəyişir və dron bu məlumatla məsafəni, eləcə də mövqeyini hesablayır.
        Toxunuşdan gələn məlumatla dron ətrafdakı səthlərin yerini müəyyənləşdirir. Beləcə, maneələrdən yayınır, səth boyunca hərəkət edir və keçdiyi ərazinin xəritəsini hazırlayır. Pərlərin yaratdığı hava axını bığcıqların hərəkətinə təsir göstərə bilər. Xüsusi alqoritm bu təsiri aradan qaldırır və təmas nöqtəsini 1 millimetrdən də az xəta ilə müəyyənləşdirir.
    Niderland alimləri qaranlıqda bığcıqlarla yol tapan dron hazırlayıb
        Bütün hesablamalar uçuş zamanı dronun özündə aparılır. Buna görə ayrıca ağır kompüterə ehtiyac yoxdur. Proqram cəmi 34 kilobayt yaddaş istifadə edir və səthlə həqiqi təması hava burulğanının yaratdığı hərəkətdən ayırır. Sistemin az yaddaş və enerji işlətməsi onu böyük sensor, prosessor və enerji mənbəyi daşıya bilməyən kiçik uçuş aparatları üçün əlverişli edir.
        Texnologiya ilk növbədə axtarış-xilasetmə əməliyyatlarında işlədilə bilər. Belə dronları dağılmış binaların içinə göndərib insan və heyvan həyatını riskə atmadan ərazini yoxlamaq olar. Sistem yüksək sürətli uçuş üçün deyil, görünüşün zəif olduğu dar yerlərdə dəqiq və ehtiyatlı hərəkət etmək üçün hazırlanıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...