
Otaq temperaturunda parçalanan yeni bioplastik hazırlanıb
Elm & Texnologiya
05.08.2025
Emil
ABŞ-dan olan alimlər ənənəvi plastik qablaşdırmaya ekoloji alternativ ola biləcək yeni növ bioplastik hazırlayıblar. Onlar yarpaq quruluşundan ilhamlanaraq, mövcud bioplastik materialın iki qatı arasına sellüloza təbəqəsi yerləşdiriblər. Nəticədə həm möhkəm, həm də çoxfunksiyalı bir material əldə olunub. Bu material otaq temperaturunda parçalanır, möhkəmlik baxımından polietilen və polipropilenə uduzmur və ətraf mühit üçün təhlükəsizdir. Plastik qablaşdırma bazarının illik dövriyyəsi 23.5 milyard dollar təşkil edir. Bu sahədə əsasən polietilen və polipropilen - neftdən alınan və zərərli mikroplastiklərə parçalanan polimerlər - üstünlük təşkil edir. Problemin həlli üçün alimlər bioplastik - ənənəvi plastikə bioparçalanan alternativlər - hazırlayırlar. Lakin bioplastikin də məhdudiyyətləri var: bu materiallar neft əsaslı analoqlarla müqayisədə daha az möhkəmdir və parçalanmaq üçün yüksək temperaturlu kompostlaşdırma tələb edir.

Vaşinqton Universitetinin alimləri təbiətdən ilhamlanaraq bir həll yolu təklif ediblər. Plastikdən çox əvvəl insanlar qidaları yarpaqlara bükür, bu yarpaqlar isə sellüloza quruluşu sayəsində asanlıqla parçalanırdı. Tədqiqatçılar davamlı və ekoloji cəhətdən təhlükəsiz bioplastik yaratmaq üçün sellüloza nanoliflərindən istifadə etməyə qərar veriblər. Alimlər mərkəzi təbəqəsi sellülozadan ibarət olan və hər iki tərəfdən bioplastik qatlarla əhatələnmiş çoxqatlı material hazırlayıblar. Burada əsas rol sellüloza fibrillərinə - yarpaq quruluşunu təqlid edən mikroskopik liflərə məxsusdur. Bu konstruksiya materialın möhkəmliyini artırmağa və əksər bioplastik növlərinə xas olan məhdudiyyətləri aradan qaldırmağa imkan verib.

Tədqiqatçılar işlərində ən çox yayılmış iki növ bioplastikdən istifadə ediblər - nişastadan alınan polihidroksibutirat (PHB) və polilaktik turşusu (PLA). Bu materialları sellüloza nanoliflərilə birləşdirərək, onlar yeni bir bioplastik əldə ediblər və ona LEAFF (çoxqatlı ekoloji təkmilləşdirilmiş plyonka) adını veriblər. LEAFF otaq temperaturunda parçalanır və qablaşdırma üçün vacib xüsusiyyətlərə malikdir - havaya və nəmişliyə qarşı aşağı keçiricilik, eləcə də üzərinə çap edilə bilmə qabiliyyəti, bu da markalanmanı asanlaşdırır. Sellüloza strukturu bu materiala ənənəvi neft əsaslı plastiklərdən, polietilen və polipropilendən daha yüksək dartılma möhkəmliyi verir. Tədqiqatçılar bu texnologiyanın tezliklə tətbiq olunacağına ümid edirlər və hesab edirlər ki, bu, təkcə ekoloji zərərin azaldılmasına deyil, həm də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Paylaş