Logo
    main-post-cover

    Özəl kosmik aparat Ay səthindən Günəş doğuşunun fotosunu çəkib

    Elm & Texnologiya
    04.03.2025
    Emil
         Blue Ghost eniş modulu iş Ayda Günəşin doğuşunu əks etdirən möhtəşəm bir görüntü əldə edib. Aparat artıq fəaliyyətə başlayıb və tezliklə onunla eyni raketlə göndərilmiş digər iki modulun da eniş etməsi gözlənilir. Firefly Aerospace tərəfindən hazırlanmış Blue Ghost modulu 2 mart bazar günü Mons Latreille dağı yaxınlığında, Böhranlar dənizi (Mare Crisium) hövzəsində - Ayın görünən şimal-şərq hissəsində uğurla eniş edib. Hazırda modul müəyyən edilmiş vəzifələri yerinə yetirməyə başlayıb. O, yerli ətraf mühiti və Ay səthindən göründüyü şəkildə uzaqdan Yer planetini əks etdirən yüksək keyfiyyətli görüntülər əldə edib.
         3 mart tarixində Firefly şirkəti sosial şəbəkə X-də yeni bir görüntü yayımlayıb. Şəkildə parlaq bir ulduz Ayın qaranlıq kraterləri və nahamar səthi ilə kəskin kontrast təşkil edir. "Oyan və oxu! Firefly Blue Ghost eniş modulu Ayda ilk Günəş doğuşunu qeydə alaraq, yeni evində iş gününün və Ay gününün başlanğıcını simvolizə etdi" - deyə paylaşımda qeyd olunub. NASA-ya məxsus 10 elmi cihazdan "çoxu" artıq aktivləşdirilib və növbəti 2 həftə ərzində fəaliyyətini davam etdirəcək. Ay gecəsi başlayanda isə günəş enerjisi ilə bağlı missiya başa çatacaq. Bu cihazlar Ayın tərkibi, geologiyası, istilik axınları və kosmik hava şəraitini araşdırmaq üçün nəzərdə tutulub.
        Blue Ghost həmçinin qazma texnologiyasını sınaqdan keçirəcək və onun kamerası gün batımı zamanı Ay səthində havaya qalxan toz hissəciklərini qeydə alacaq. Blue Ghost modulu 15 yanvar tarixində SpaceX Falcon 9 raketi ilə kosmosa göndərilib və 46 gün sonra uğurla Ay səthinə eniş edib. Bu aparat NASA-nın Commercial Lunar Payload Services (CLPS) proqramı çərçivəsində seçilib. Bu proqram çərçivəsində ABŞ kosmik agentliyi özəl podratçılarla müqavilə bağlayaraq elmi və texnoloji avadanlıqların Aya göndərilməsini təmin edir. Dünən CLPS proqramında iştirak edən ikinci aparat - Intuitive Machines Athena IM-2 - Ay orbitinə daxil olub. Missiya operatorları 6 mart cümə axşamı günü bu aparatı Ayın Cənub Qütbü yaxınlığında eniş etdirməyə cəhd edəcəklər.
    Mənbə: Space.com
    Paylaş