
Planetimiz yeni qorxulu iqlim mərhələsinə keçid edib
Elm & Texnologiya
12.02.2025
Emil
Planetimiz rəsmi olaraq 2015-ci ildə imzalanmış Paris İqlim Sazişinin (COP) prioritet hədəfi kimi müəyyən edilmiş 1.5 dərəcə Selsi həddini keçib. İnsanlığın parnik qazları emissiyasını azaltmaq və qlobal istiləşməni sənaye dövründən əvvəlki göstəricilərdən maksimum 1.5 dərəcə Selsi yuxarıda saxlamaq vədlərinə baxmayaraq, 2024-cü ildə Yer kürəsində temperatur ilk dəfə bu həddi aşıb. Aparılmış 2 müstəqil araşdırma eyni nəticəyə gəlib: Planetin iqlimi, çox güman ki, qorxulu yeni bir mərhələyə daxil olub. Yaxşı xəbər isə odur ki, ötən il qeydə alınmış rekord temperatur göstəricisi hələ Paris Sazişinin həddinin rəsmi şəkildə aşılması üçün yetərli deyil. Çünki saziş çərçivəsində temperatur hədəfləri qısamüddətli artımlara deyil, bir neçə onillik ərzində qeydə alınan orta göstəricilərə əsaslanır.

Yeni araşdırmalarda alimlər tamamilə fərqli bir göstəricidən istifadə ediblər: Hər 2 tədqiqat tarixi və iqlim məlumatlarını təhlil edərək, son illərdə qeydə alınan həddindən artıq isti illərin gələcəkdə uzunmüddətli istiləşmə həddinin aşılmasının əlaməti olub-olmadığını müəyyən etməyə çalışıb. Cavab müsbət olub. Araşdırma nəticələri göstərir ki, rekord dərəcədə isti keçən 2024-cü il Yer kürəsinin 1.5 dərəcə Selsi həddini aşdığını ifadə edir. Pis xəbər isə odur ki, alimlərin fikrincə, bu həddin aşılması Yer üzündə həyatı dəstəkləyən təbii sistemlərin çökməsi ilə nəticələnəcək.
Qeyd edək ki, dünyanın əksər iqlim təşkilatları ötən ilin müşahidə tarixində ən isti il olduğunu qəbul edirlər. 2024-cü ildə qlobal orta temperatur 19-cu əsrin sonundakı orta temperatur göstəricilərindən təxminən 1.6 dərəcə Selsi yüksək olub - bu dövrdən sonra insanlar geniş miqyasda təbii yanacaq növlərini yandırmağa başlayıblar. Son vaxtlarda Yer kürəsində ayrıca günlər və aylar 1.5 dərəcə Selsi istiləşmə həddini keçib. Tədqiqatçılar vurğulayıblar ki, qlobal temperatur ildən-ilə dəyişir. Məsələn, 2024-cü ildə temperaturun kəskin artmasının əsas səbəbi iqlim dəyişikliyi olub, lakin bununla yanaşı, ilin əvvəlində baş verən təbii El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) hadisəsi də bu prosesə təsir edib.

Hazırda bu tendensiya zəifləyib və proqnozlara görə, 2025-ci il bir qədər daha sərin keçəcək. Lakin yeni araşdırmalar göstərir ki, hətta qlobal istiləşmənin 1.5 dərəcə Selsi həddini keçdiyi tək bir ay və ya il belə, Yer kürəsinin bu vacib həddi uzunmüddətli şəkildə aşması demək ola bilər. Hər iki araşdırma Avropa və Kanadada müstəqil şəkildə aparılıb. Tədqiqatçılar eyni sualla qarşılaşıblar. Qlobal temperaturun 1.5 dərəcə Selsidən yüksək olduğu bir il, Paris Sazişinin həddini artıq keçdiyimizə dair xəbərdarlıq işarəsidirmi? Bu sualı cavablandırmaq üçün hər iki araşdırmada iqlim müşahidələri və modelləşdirmədən istifadə edilib, lakin yanaşmalar bir qədər fərqli olub.
Avropalı tədqiqatçılar tarixi istiləşmə tendensiyalarını araşdırıblar. Onların tapıntılarına görə, planetin orta temperaturu müəyyən bir həddə çatdıqda, növbəti 20 illik dövr də eyni həddi aşmağa meyilli olur. Bu qanunauyğunluq göstərir ki, Yer kürəsi keçən il 1.5 dərəcə Selsi istiləşmə həddinə çatıb və çox güman ki, növbəti 20 il ərzində orta temperaturlar da bu həddi aşacaq. Hər iki araşdırma onu da ortaya qoyub ki, hətta parnik qazları emissiyasının sərt şəkildə azaldılmasına dərhal başlansa belə, Yer kürəsi yenə də 1.5 dərəcə Selsi həddini keçəcək. Tədqiqatçılar belə nəticəyə gəliblər: İnsanlığın bundan sonra atacağı addımlar həlledici əhəmiyyət daşıyır.

Onilliklərdir ki, enerji üçün təbii yanacaqların yandırılmasının karbon dioksid və digər parnik qazlarının atmosferə ifraz edilməsinə və planetin isinməsinə səbəb olduğu bildirilir. Lakin müşahidələr göstərir ki, parnik qazları emissiyası azalmaqdansa, əksinə, artmaqda davam edir. 1990-cı ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) ilk hesabatını yayımladıqdan bəri, dünyada illik karbon dioksid emissiyaları təxminən 50% artıb. Sadə dildə desək, dünya düzgün istiqamətdə irəliləmir. Əgər Yer kürəsi həqiqətən də 1.5 dərəcə Selsi həddini keçibsə və insanlıq bu həddin altına yenidən düşmək istəyirsə, planetin soyudulması üçün "mənfi emissiyalara" nail olmaq lazımdır.

Yəni atmosferdən parnik qazlarını çıxarmaq və onların buraxılmasından daha çoxunu aradan qaldırmaq lazımdır. Təəssüf ki, bu, olduqca çətin bir vəzifədir. İqlim dəyişikliyinin dağıdıcı təsirləri artıq bütün dünyada hiss olunur. Gələcək nəsillər üçün bu təsirlər daha da güclü olacaq. Yer kürəsinin Böyük Sədd rifi kimi unikal ekosistemləri artıq bu istiləşmədən əziyyət çəkirlər. Müşahidələr göstərir ki, okeanlar isinməkdə, dəniz səviyyəsi isə yüksəlməkdədir. Bu, sahil xətlərini dağıdır və dəniz ekosistemlərini təhlükə altına salır. Meşə yanğınları və ekstremal hava hadisələri, xüsusilə istilik dalğaları, daha tez-tez və daha güclü baş verir. Bu isə təbiətə, cəmiyyətə və iqtisadiyyata ciddi təzyiq yaradır. Xoşbəxtlikdən, alimlər hələ də hesab edirlər ki, hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizədə geri qalmasına baxmayaraq insanlar vəziyyəti dəyişə bilərlər. İki yeni araşdırmanın nəticələri göstərir ki, biz təcili olaraq gələcək qlobal istiləşməyə uyğunlaşmalıyıq.
Mənbə: Science Alert
Paylaş
qlobal istileshme
iqlim deyishikliyi
science news
elmi xeberler
qlobal istilesme
iqlim deyisikliyi
global warming
climate change
Bənzər xəbərlər

Elm & Texnologiya
Uranın peyki Ariel potensial olaraq səthaltı okeana sahibdir
Hazırda alimlər hesab edirlər ki, Yupiter, Saturn, eləcə də Neptun və Uranın bəzi peykləri su dünyalarıdır. Yəni onların səthlərində olan qalın buz qatının alt hissəsində maye şəklində sudan ibarət okean mövcuddur.

Elm & Texnologiya
İnsanlar hələ də təkamül prosesindədirlər (VİDEO)
Təkamül - Yer üzərində həyatın müxtəlifliyini formalaşdıran fasiləsiz bir prosesdir. Bu proses təbii seçmə, mutasiyalar və adaptasiyalardan ibarətdir və canlıların dəyişən mühit şərtlərinə uyğunlaşaraq sağ qalmasına və inkişaf etməsinə kömək edir.

Elm & Texnologiya
2100-cü ilə qədər Arktika qlobal istiləşmə səbəbilə tanınmaz hala gələcək
2024-cü ildə planetin orta illik temperaturu ilk dəfə olaraq sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 1.5 dərəcə Selsidən çox artdı. Bu, Sahara səhrasında rekord səviyyədə yağıntılar və daşqınlar, eləcə də bütün dünyada anormal dərəcədə isti yay kimi ekstremal hava hadisələrinə səbəb oldu.

Elm & Texnologiya
Yer kürəsinin 2032-ci ildə asteroidlər toqquşma ehtimalı 2 dəfə yüksəlib
2024 YR4 adlı asteroid ilə bağlı aparılmış yeni müşahidələr onun trayektoriyası haqqında daha çox məlumat toplamağa imkan verib. Əlavə məlumatlar alimləri bu göy cisminin Yer kürəsi ilə birbaşa toqquşması ehtimalını artırmağa vadar edib.

Elm & Texnologiya
İqlim dəyişikliyi əhalinin sıx məskunlaşdığı regionları 2100-cü ilə qədər yararsız hala sala bilər
Qlobal istiləşmə sürətlə planetimizə təsir göstərməyə davam edir. İqlimşünaslar hesab edirlər ki, bu prosesi artıq dayandırmaq mümkün deyil və insanlığın ətraf mühiti dəyişdirmək üçün çox məhdud imkanları var.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
