
Plutonun ən böyük peyki Charon-da karbon dioksid izləri aşkar edilib!
Elm & Texnologiya
14.11.2024
Aslan
NASA-nın James Webb Teleskopu Plutonun ən böyük peyki olan Charon-da karbon dioksid (CO2) və hidrogen peroksid izlərini aşkarlayıb. Bu kəşf, kosmosdakı buz kütlələrinin təkamülünə işıq tuta bilər.
Charon, çox soyuq səthi və yaşayış imkanlarının demək olar ki, sıfır olması ilə tanınır. Bu gün isə James Webb Kosmik Teleskopunun geniş dalğa uzunluğu aralığı sayəsində, Charon-un səthindən əks olunan işıq daha əvvəllər olmadığı qədər detallı şəkildə analiz edilə bilir. Tədqiqatçılar uzun müddətdir ki, Charon-un səthində karbon dioksidin olduğundan şübhələnirdilər. Çünki bu qaz Günəş sisteminin bir çox bölgəsində geniş yayılıb. Lakin əsas sual bu qazın səthdə necə paylandığı və harada cəmləşdiyi idi. Aparılan analizlər göstərir ki, karbon dioksid, ehtimal ki, kosmos qayalarının toqquşması nəticəsində səthə püskürüb və Charon-un üst qatlarında toplanıb.

Digər tərəfdən, hidrogen peroksid izləri isə Charon-un səthindəki su molekullarının Günəş küləkləri və ultrabənövşəyi şüalar kimi radiasiya mənbələri ilə qarşılıqlı təsir nəticəsində meydana gəlmiş ola bilər. Bu tapıntı, peykin təkamül prosesi və radiasiya səviyyələri haqqında dəyərli ipucları verir. Southwest Research Institute-undan tədqiqat rəhbəri Dr. Silvia Protopapa, “Bizim üstünlük verdiyimiz izah budur ki, karbon dioksid daxili qatlardan qaynaqlanır və krater toqquşmaları ilə səthə çıxır. Karbon dioksidin Pluton sisteminin meydana gəldiyi protoplanet diskində mövcud olduğu məlumdur” deyir.

Charon üzərində aparılan bu müşahidələr yalnız bu peykin kimyəvi quruluşu və təkamül prosesi haqqında məlumat verməklə kifayətlənmir, həm də Kuiper Kəmərindəki digər buzlu cisimlərin formalaşma prosesləri haqqında da məlumatlar təqdim edir. Bu, Günəş sisteminin xarici bölgələrindəki buz kütlələrinin mənşəyi və təkamülü haqqında da ipucları təmin edə bilər.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
