Logo
    main-post-cover

    Qara dəliklərin daxilində bizim düşündüyümüz anlayış olmaya bilər

    Elm & Texnologiya
    11.03.2025
    Emil
         Kvant mexanikasına görə qara dəliklərin sinqulyarlığı mövcud olmamalıdır. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin tənliklərində edilən dəyişikliklər qara dəliyin daxili strukturunu daha yaxşı izah edə bilər. Fiziklər hesab edirlər ki, qara dəliklər əslində sinqulyarlığa malik deyil, lakin bu fərziyyənin yoxlanılması tələb olunur. Alimlər müasir fizikanın ən sirli problemlərindən biri olan qara dəlik sinqulyarlığı paradoksuna potensial həll yolu təklif ediblər. Əgər Eynşteynin nisbilik nəzəriyyəsi dəyişdirilərsə, onda qara dəliyin mərkəzindəki sonsuz fəza-zaman əyriliyini çox güclü, lakin adi bir fəza-zaman bölgəsi ilə əvəz etmək mümkündür. Bu yanaşma, qara dəliklərin sinqulyarlıq problemini həll edə bilər.
         Sinqulyarlıq, fəza-zamanın sonsuz dərəcədə əyildiyi bir sahədir, lakin qara dəliklərin mərkəzində belə fövqəladə sıx nöqtələrin olması, fizika qanunlarının burada işləmədiyini göstərir. Buna görə də bəzi alimlər hesab edirlər ki, sinqulyarlıq fiziki reallıq deyil. Eynşteynin ümumi nisbilik nəzəriyyəsi daha tam bir nəzəriyyə ilə modifikasiya edilməlidir. Bu yeni nəzəriyyə, kainatı fərqli miqyaslarda daha geniş şəkildə izah etməlidir. Nisbilik nəzəriyyəsi cazibə qüvvəsini və kainatın geniş miqyaslı quruluşunu izah edən əsas nəzəriyyədir. Lakin o, kvant mexanikası ilə uyğun gəlmir. Kvant mexanikasının mövqeyinə əsasən bu sahə, zərrəciklərin ən kiçik miqyaslarda necə davrandığını izah edir.
         Kvant mexanikasına görə sinqulyarlıq mövcud olmamalıdır. Nisbilik nəzəriyyəsinin fərqli yanaşmasına əsasən Eynşteynin nəzəriyyəsi isə əksinə, qara dəliklərin mərkəzində sinqulyarlığın olduğunu proqnozlaşdırır. Bu uyğunsuzluq, böyük miqyaslı kainat fizikası ilə kiçik miqyaslı kvant fizikası arasında ciddi nəzəri boşluq yaradır. Sinqulyarlıq problemini həll etmək üçün fiziklər "kvant qravitasiyası" adlı konsepsiyadan istifadə ediblər. Bu konsepsiya Eynşteynin ümumi nisbilik nəzəriyyəsini kvant mexanikası ilə birləşdirmək cəhdlərində tətbiq olunur. Kvant qravitasiyası boş məkanda zərrəciklərin davamlı yaranmasını və məhv olmasını proqnozlaşdırır.
         Həmçinin, bu nəzəriyyə bütün sahələrdə, o cümlədən cazibə qüvvəsində daimi dalğalanmaların baş verdiyini irəli sürür. Araşdırmanın müəllifləri bildiriblər ki, əgər enerji inanılmaz dərəcədə yüksək və ya məsafələr son dərəcə kiçik olarsa, ümumi nisbilik nəzəriyyəsi onun tənliklərinə sonsuz sayda əlavə üzvlərin daxil edilməsi ilə modifikasiya olunmalıdır. Fərqli kvant qravitasiyası yanaşmaları bu əlavə üzvlərə fərqli dəyər verə bilər, lakin bütün yanaşmalar Eynşteynin tənliklərinin dəqiqləşdirilməsinin zəruri olduğunu göstərir. Fiziklər bu dəyişiklikləri hesablamalarına daxil edərək, yeni modeldə qara dəliklərin necə davranacağını araşdırıblar. Nəticələr göstərdi ki, sonsuz sayda yeni üzvlər tənliklərə əlavə edildikdə sinqulyarlıq yox olur.
         Qara dəliyin mərkəzi sonsuz dərəcədə sıx bir nöqtə deyil, güclü əyilmiş, lakin adi fəza-zaman sahəsi kimi qalır. Yeni model sinqulyarlıq problemini həll etsə də, onun doğruluğunu yoxlamaq hələ də çətin qalır. Çünki qara dəliyin mərkəzinə birbaşa baxmaq mümkün deyil. Buna baxmayaraq, fiziklər hesab edirlər ki, sinqulyarlığın mövcud olmadığını sübut edə biləcək müəyyən siqnalları kosmosda axtarmaq lazımdır. Məsələn, bu siqnallar qara dəliklərin toqquşması nəticəsində yaranan qravitasiya dalğalarında müşahidə oluna bilər. Fiziklərin yeni modeli göstərir ki, qara dəliklər sinqulyarlıq olmadan da təbii şəkildə, cazibə kollapsı nəticəsində yarana bilər. Hesablamalara əsasən, sinqulyarlıq olmayan qara dəliyin formalaşması üçün ekzotik materiya tələb olunmur. Bu da kvant qravitasiyası konsepsiyasının proqnozları ilə uyğun gəlir.
    Mənbə: Live Science
    Paylaş