main-post-cover

    Qualcomm yeni Snapdragon 888 Plus prosessorunu təqdim edib

    Elm & Texnologiya
    28.06.2021
    Farid Pardashunas
        Bugün Barselonada start götürmüş MWC 2021 sərgisi çərçivəsində Qualcomm şirkəti Snapdragon 888 Plus adlı yeni flaqman prosessorunu təqdim edib. Sözügedən yeni prosessor Snapdragon 888-in təkmilləşdirilmiş versiyasıdır. Lakin qeyd etmək lazımdır ki, yeni prosessorda dəyişikliklər elə də böyük deyil. Texniki baxımdan yeni Snapdragon 888 Plus modeli Snapdragon 888-dən az fərqlənir. Belə ki, Snapdragon 888 Plus da adi model kimi 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 8 nüvədən ibarətdir. Prosessor özündə 1 ədəd Cortex-X1 supernüvəsini, 3 ədəd performanslı Cortex-A78 nüvəsini və sərf olunan enerji effektivliyi baxımından 4 ədəd Cortex-A55 nüvəsini birləşdirir.
        Plus modeli adi Snapdragon 888-dən fərqləndirən əsas xüsusiyyət ondadır ki, Plus model 2.84 GHz-dən 3 GHz tezliyə kimi çalışa bilir. Prosessorun qrafik özəlliklərindən isə Adreno 660 qrafik çipi cavabdehdir. Qualcomm CPU ilə GPU performanslarının nə dərəcədə yüksəldiyi barəsində məlumat verməyib. Qualcomm-un verdiyi məlumata əsasən yeni prosessorda əsas təkmilləşdirmə 6-cı nəsil Qualcomm AI Engine blokunun inteqrasiyasıdır. Bu texnologiya süni zəka ilə bağlı əməliyyatların yerinə yetirilməsindən cavabdehdir. Adi Snapdragon 888-də bu texnologiyanın performansı 26 TOPS (1 saniyədə trilyon əməliyyat) idisə, yeni Snapdragon 888 Plus-da onun performans göstəricisi 32 TOPS təşkil edir.
        Başqa sözlə desək, Plus modeldə süni zəka ilə bağlı əməliyyatlar 20% daha sürətlə yerinə yetirilməlidir. Bununla yanaşı Sanpdragon 888 Plus modelinə 5G dəstəkli Snapdragon X60 modemi inteqrasiya edilib. Sözügedən modem saniyədə 7.5 Gbit sürətlə məlumat ötürülməsini təmin edir. Həmçinin yeni prosessor LPDDR5 standartlı 16 GB-a kimi RAM yaddaşını, 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K və 144 Hz-lik təsvir yenilənməsinə sahib QHD+ ekranları, Wi-Fi 6E standartını, Bluetooth 5.2-ni, 200 MP-ə kimi kameraları və 30 fps sürətlə 8K keyfiyyətində videoçəkilişi dəstəkləyir. Snapdragon 888 Plus prosessoruna sahib ilk smartfonlar bu ilin üçüncü rübündə satışa çıxacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər