Logo
    main-post-cover

    Sizi sevindirəcək 5 gələcək həyat nümunəsi

    Elm & Texnologiya
    30.07.2017
    Emil
    Biz bu dəfə də sizlərə gələcək ilə bağlı mümkün ola biləcək həyat şəraitini təqdim etməyə qərar verdik. Lakin bu dəfəki nümunələr, insanlıq üçün qənaətbəxş hesab olunur. Qeyd etmək lazımdır ki, bundan əvvəlki məqalə, insanları qorxuya sala biləcək 5 gələcək həyat nümunəsi ilə bağlı idi. Əgər onu hansısa səbəbə görə oxumamısınızsa, onda bu linkdən həmin məqalə ilə tanış ola bilərsiniz.
    İşsiz insan qalmayacaq:
    Əgər müasir cəmiyyəti bir neçə söz ilə ifadə etmək lazımdırsa, onda onu “Əmək cəmiyyəti” kimi xarakterizə etmək olar. Yaşamaq üçün biz çalışmalıyıq. Əks halda biz, öz güclərini sərf etmiş digər insanların yaratdıqları imkanlardan faydalana bilməyəcəyik. Çalışandan sonra əldə etdiyimiz vəsait sayəsində bizim və yaxud qonşumuzun yaratdığı məhsulu ala bilərik. Əslində bu zəncir daha uzundur. Həmin zəncir sizi, “Foxconn” şirkətində çalışan çinli işçiləri və digər müxtəlif nümunələri birləşdirir. Bu zəncirdən ayrılmaq, tam şəkildə varolmaq imkanını itirmək deməkdir. İş olmadan hansısa şəxs, kommunal borcları ödəyə, yaxşı qidalana və ya geyinə bilməz. Bununla yanaşı bir çoxları üçün karyera pilləsində qalxmaq və professional nailiyyətlərə sahib olmaq, həyatda əsas məqsədlərdən biridir. Çox hallarda  bizim professional statusumuz, dərimizin rəngindən daha çox bizi xarakterizə edir. Biz jurnalist, həkim, adi işçi və müəllimlərik. İstirahət günlərini çıxmaq şərti ilə qalan günlər ərzində səhər tezdən axşama kimi məşğul olduğumuz iş, bizim, dünyanı necə görməyimizə və davranışımıza təsir edir. Lakin məhsul istehsalı və xidmət təklifi ilə robotlar məşğul olsalar, onda planetdə nə baş verər? Təsəvvür edək ki, dolanmaq üçün biz müəyyən vəsait əldə etdik. Lakin boş zamanımızı biz nəyə xərcləyəcəyik? Əslində futuroloqlar, robotların bizim həyatda varolma mənamızı dəyişməyə başlayacaqları bir əsrdə nə ilə məşğul olacağımız haqqında çoxdan düşünürlər. Dincəlib, işsizliyin heç bir nəticəyə gətirib çıxarmadığını və virtual reallıqda varolma üçün məqsəd axtarışının çətin olduğunu görəndən sonra insan, yeni və bir o qədər də tanış sahələrə üz tutacaq. İnsanların özlərindən, daimi işləmək öhdəliyini atandan sonra onların ilk başa düşəcəkləri şərt, onları əhatə edən dünyanın natamam olması olacaq. Bu zaman onlar həmin natamam dünyanı dəyişməyə çalışacaqlar. Postkapitalizmin nəzəriyyəçisi, sosial filosof, iqtisadiyyatçı, yazıçı və ictimai xadim Jeremy Rifkin, özünün “The End Work: The Decline of the Global Labor Force and the Dawn of the Post-Market Era” kitabında üçüncü sektordan danışır. Bu, biznes və ya dövlət xidməti ilə əlaqəli bir sahə deyil. Məhz bu sahə, irimiqyaslı şəkildə işsiz qalmış insanları özünə cəlb edəcək. Bu ilk öncə vətəndaş təşəbbüsləridir. İnsanlar, sosial problemlərə, ətraf mühitin vəziyyətinə, şəhər infrastrukturunun inkişafına və s. diqqət yetirəcəklər. Yerli idarəetmə problemlərinin həlli, köməyə ehtiyac duyan insanlara yardım, mədəni tədbirlərin təşkili kimi məsələlərin həlli ön plana keçəcək. Bir çoxları artıq indidən boş vaxtlarını ictimai fəaliyyətə həsr edir. ABŞ və Avropada vətəndaşların böyük bir hissəsi könüllülük və ictimai işlərlə məşğul olur. Lakin gələcəkdə bu cür işlər, sosial statusu təyin edəcək daimi məşğuliyyət növü hesab ediləcək. Lakin bu məşğuliyyətləri, əmək haqqı tərəfdən kim və necə qarşılayacaq? Son illərdə bu suala cavab daha dəqiqləşmiş şəkil almağa başlayıb. Söhbət, qeyd-şərtsiz baza gəlirindən gedir.
    Rahatlayın və pul haqqında düşünməyin:
    Qeyd-şərtsiz baza gəliri və ya qeyd-şərtsiz əsas gəlir, artıq nəzəri bir prinsip deyil, bir çox ölkələrdə reallaşdırılan təcrübədir. Qeyd-şərtsiz baza gəliri prinsipi ilə hansısa şəxs müəyyən miqdarda vəsaiti, özünü dolandıra bilmədiyi üçün deyil, sadəcə olaraq doğulub yaşadığı üçün alır. Gələcəkdə reallaşdırılması ümid edilən bu prinsipin klassik realında hansısa şəxsin həmin vəsaiti əldə etməsi üçün heç bir şərt yoxdur. Bugün siz çalışırsınız, sabah isə yox. Lakin buna baxmayaraq hər ay müəyyən miqdarda vəsait əldə edirsiniz. Həmin vəsait isə cəmiyyətin digər üzvlərinin aldıqları vəsaitlər ilə eyni miqdardadır. Əsas baza tələbatları (qida, yaşayış yeri, geyim) həmişə hökümət tərəfindən təmin olunacaq. Lakin əsas tələbatların sərhədindən çıxan digər şeylər üçün isə yenə də pul qazanmaq lazım olacaq. Bu ilin əvvəlindən Finlandiyada qeyd-şərtsiz baza gəlirinin verilməsi üzrə təcrübəyə start verilib. Ödənilən məbləğ, 560 avroya bərabərdir. Bu, ölkədə işsizlik üzrə verilən aşağı müavinət göstəricisidir. Lakin bu proqramın iştirakçısı hər an işə düzələ bilər. Bununla belə həmin vəsait, dövlət tərəfindən verilməyə davam edəcək. Proqram iştirakçısı istədiyi halda ümumiyyətlə çalışmaya da bilər. Bu halda da ona sözügedən məbləğ hər ay veriləcək. Təcrübənin əsas məqsədi də məhz budur. Qeyd-şərtsiz baza gəliri əldə edən insanların özlərini necə aparmaqlarını müəyyən etmək. Rahat həyata başlamaq və ya baxmayaraq ki, ayda müəyyən miqdarda gəlir əldə etməklə yanaşı əmək fəaliyyətini bir qədər fərqli tərzdə davam etdirmək? Təəccüb doğurmayan fakt isə ondan ibarətdir ki, bu proqramı dəstəkləməyənlər məhz finlandiyalı həmkarlar ittifaqıdır. Onların fikrincə qeyd-şərtsiz baza gəliri, insanları nəinki işdən uzaqlaşdıracaq, həmçinin bu ona gətirib çıxaracaq ki, insanlar, işə düzəlmə baxımından daha kaprizli olacaqlar. Məsələn, insanlar az maaşlı işə razılaşmayacaqlar. Bu isə öz növbəsində inflyasiyanın olmasına gətirib çıxarda bilər. London Universitetinin professoru Guy Standing-in fikrincə həmkarlar ittifaqı yalnız öz varoluşları uğrunda mübarizə aparırlar. Hər kəsin qeyd-şərtsiz baza gəliri əldə etdiyi bir cəmiyyətdə həmkarlar ittifaqına da tələbat azalır. Bu həmçinin təqaüd və digər ödəmə imkanlarını reallaşdıran dövlət qurumları və təşkilatlara da aiddir. Hollandiyada da bu il bu cür təcrübənin reallaşdırılması gözlənilir. Proqram iştirakçılarına 2 seçim təqdim olunacaq. Ya təkcə qeyd-şərtsiz baza gəliri, yada qeyd-şərtsiz baza gəliri ilə birlikdə müəyyən bonusların olacağı könüllülük məşğuliyyətləri. Göründüyü kimi heç kim insanları tam şəkildə məşğuliyyətsiz qoymağa çalışmır. Görünür gələcəkdə insan, gəliri az olsa belə zövqünə uyğun iş seçə biləcək. Qeyd-şərtsiz baza gəliri onsuzda lazmi tələbatları ödəyəcək. Sevilməyən işdən ayrılmaq kimi çətin qərarları qəbul etmək kimi problemlər yaşanmayacaq. Dolanmaq üçün vəsaitin itirilməsi qorxusu olmadan hər bir insan öz biznesini qura biləcək. İnsanlar öyrənə və öz yollarını seçə biləcəklər.
    Robotlar işsiz qalmayacaq mı?
    Bizim nə iləsə dolanmaq mövzusu haqqında düşünmək üçün dövləti nə vadar edəcək? Əslində robotların bizim yerimizi tutacaq qaranlıq gələcək haqqında təsəvvür yaradanda həmçinin bir şey haqqında da düşünmək lazımdır. İnsan, sərf etmək üçün çalışır. Əgər o çalışmırsa, deməli müəyyən məhsulu almaq və ya xidmətdən yararlanmaq üçün onun vəsaiti olmayacaq. Onun yerini əlindən alan robot isə ideal istehlakçı deyil. Robotun tələbatı, ayda bir dəfə yağla və kəsintisiz elektrik enerjisi ilə təmin olunmaqdır. Bu qədər. Almaniyada idman ayaqqabılarının istehsalını bərpa etmək üçün iş prosesini robotlaşdıran “Adidas” və ya bir neçə müddət bundan öncə öz 60.000 işçisini robota dəyişən “Foxconn” şirkətinin gələcəkdəki məhsullarını kim alacaq? Perspektivli gələcəkdə robotlar bizləri adi işçilər kimi əvəz edə bilərlər. Lakin onlar bizi istehlakçı qismində əvəz edə bilməzlər. Əks halda məhsullara olan tələbat aşağı düşəcək. Robotlar işsiz, kapitalistlər isə gəlirsiz qalacaqlar. Amerikalı iqtisadiyyatçı Jeffrey Sachs belə bir qənaətə gəlir ki, robotlaşdırılmış sistemin işə düşməyi, məhsul istehsalatının və xidmət təklifinin effektivliyini qısa müddət üçün qaldıracaq. Daha sonra iş qüvvəsinə tələbatın və əhali gəlirinin aşağı düşməsi ilə sərf etmək özəlliyi və onunla birlikdə həmçinin istehsalat faktoru da aşağı düşəcək. Doğrudanmı hökümətlər və sahibkarlar, yeni robotlaşdırılmış zavodların dayandırılmasına imkan verəcəklər? Bu, iqtisadiyyatın çöküşünə gətirib çıxardar. Baha qiymətə olan robotlara görə kreditlər ödəmək lazımdır. Böyük müəssisə sahibləri üçün isə bu baha başa gələcək. Söhbət hökümətdən gedirsə, bir faktı da nəzərə almaq lazımdır. Hakimiyyət, xalq tərəfindən seçilir. Robotlar isə seçkilərdə iştirak etmirlər. Robotun, özü üçün vətəndaşlıq hüquqları tələb etməsi, uzaq gələcəyin perspektivli vəziyyətidir. Ümumilikdə hakimiyyət, sosioloji partlayışın olmaması üçün, konkret siyasətçilər isə seçkilərdə uduzmamaqları üçün yaxşıca əlləşməli olacaqlar. Bu vəziyyətdə çıxış nə ola bilər? Qeyd-şərtsiz baza gəlirindən başqa da variantlar var. Məsələn, insanlar üçün nəzərdə tutulmuş, lakin robotların çalışdıqları iş yerlərinin kvotalaşdırılması. Sahibkarlar müəyyən sayda işçiləri işə qəbul etməyə məcbur olacaqlar. Və ya robotların istifadəsinə görə vergilərin təyin olunması və sonradan yığılmış həmin vergilərin, işsiz qalmış əhali arasında bölüşdürülməsi.
    Yer kürəsi, insanlara məxsus olaraq qalır:
    Biz, yaxın gələcəkdə olacaq robotların mükəmməlliklərinə, universallıqlarına, onların, insanları hər sahədə əvəz edə biləcəkləri qabiliyyətlərinə o dərəcədə inanırıq ki, bəzən öz təcrübə və bacarıqlarımızı, ani anlarda lazımi qərarlar qəbul edə bilməyimizi və yaradıcı yanaşmamızı qiymətləndirmirik. 1000 il ərzində insan sivilizasiyası, insan əməyi və zəkası hesabına inkişaf etdi. İndi isə biz çox sadə şəkildə, yaradılmış robotun, bizi hər bir şeydə əvəz edəcəyinə və bununla da 1000 illik tariximizi siləcəyinə inanırıq. Massaçusets Texnologiya İnstitutunda texnologiya və sənaye inkişafının tarixi ilə məşğul olan professor David Mindell, öz “Our Robots, Ourselves: Robotics and the Myths of Autonomy” adlı kitabında qeyd edib ki, insanlar, robotlar haqqında düşüncələrini dəyişməlidirlər. Bizim onlar haqqında danışdığımız dil, terminlər, anlayışlar, keçən əsrin elmi-fantastikasından götürülüb. Bütün bunlar isə müasir texniki reallıqla az əlaqəlidir. Professor, hələ 20-ci əsrdə bizim ağıllarımızı fəth etmiş robotlaşdırma və avtomatlaşdırma haqqında 3 mifi qeyd edir. Birinci mif, nizami tərəqqidən ibarətdir. Hər hansısa bir texnika yalnız mərhələ şəklində insan idarəsindən, uzaqdan idarə sisteminə və daha sonra tamamilə avtonom rejimə keçir. David Mindell-in fikrincə texnologiyaların təkamülünün bu cür yolla gedəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Robotların, bizim bütün öhdəliklərimizi öz üzərlərinə götürəcəkləri, ikinci mifdir. Mindell belə bir qənaətə gəlir ki, robotlar, günümüzdə insanların bacarmadıqları daha qəliz funksiyaları öz üzərlərinə götürəcəklər. Məsələn, Mars planetində olan və onu incələyən roverlər heç də geoloqların və astronavtların işlərini əllərindən almadılar. Üçüncü mif isə tam avtomatlaşdırmadır. Mindell bu mifi, utopik ideya hesab edir. Birincisi, insan göstərişinə sahib olmayan robot, lazımsız əşya kimidir. Bəli, insan onun işində çox az iştirak edəcək. Lakin buna baxmayaraq insan faktoruna tələbat heç zaman yox olmayacaq. İstənilən avtonom sistemdə onun idarəolunması faktoru olmalıdır. Əks halda bu cür sistem lazımsızdır. Bundan əlavə olaraq bu cür sistemin gələcəkdə təhlükə mənbəyi olmaması üçün xüsusi düymənin olması vacibliyi də var. Robotların canlanaraq özlərini başa düşmələri və özlərinə sərf edən qərarlar qəbul etmələrini gözləmək hələki tezdir. Hələki bizim planetimiz bizə məxsus olacaq.
    Uzunmüddətli yaşam imkanı:
    Gələcəkdə texnologiyaların və elmin ən yüksək nailiyyəti, insan həyatının uzadılması olacaq. Söhbət, 10-20 ildən deyil, yüzlərlə ildən gedir. Və burda məsələ sonsuz qocalıqda deyil, sonsuz cavanlıqdadır. Uzunmüddətli həyat sürən zaman biz nə ilə məşğul olacağıq? Yazıçı və filosof Stephen Cave, özünün “Immortality: The Quest to Live Forever and How it Drives Civilization” kitabında qeyd edib ki, insan həyatının uzadılması halında biz, günümüzdə olan xətti ardıcıllıqdan uzaqlaşmalı olacağıq. Təhsil alma, iş və qazanlmış istirahət kimi həyati mərhələlər bizim üçün ayrılmış vaxt ərzində bir neçə dəfə növbələşəcək. Ölümsüzlüyə nail olsaq, onda bu növbələşmə sonsuza qədər davam edəcək. Bir uzun ömür boyunca insan bir neçə dəfə öz peşəsini dəyişə, karyera qura və istirahət edə biləcək. Faktiki olaraq bizim bacarıqlarımız köhnəldiyində və yeni peşəyə yiyələnmək lazım gəldiyində, biz sanki yenidən hər şeyə sıfırdan başlayacağıq. Gələcək bizə, indiki günümüzdə təsəvvür belə edə bilməyəcəyimiz imkanlar verəcək.
    Paylaş
    Bənzər xəbərlər