main-post-cover

    Smartfon ekranının alt hissəsinə yerləşdirilə bilən Face ID texnologiyası təqdim edilib

    Elm & Texnologiya
    16.11.2022
    Emil Nəcəfov
        Hal hazırda Qualcomm tərəfindən keçirilən Snapdragon Tech Summit 2022 tədbirində təqdim edilmiş yeni məhsullar arasında təkcə Snapdragon 8 Gen 2 olmayıb. Belə ki, TrinamiX adlı şirkət smartfon ekranının alt hissəsinə yerləşdirilə bilən Face ID texnologiyasını təqdim edib. TrinamiX şirkətinin Face ID texnologiyası OLED ekranlar üçün nəzərdə tutulub və ekranın alt hissəsinə yerləşdirilir. Sözügedən texnologiyanın əsasını infraqırmızı kamera təşkil edir. Texnologiyanın əsasını təşkil edən infraqırmızı kamera elə bir ölçüdədir ki, onu müasir smartfonların nazik ekranlarının alt hissəsinə yerləşdirmək olar.
        Texnologiyanın sahib olduğu optik göstəricilər isə ekranın alt hissəsindən istifadəçinin üzünü skan edərək təyin etmək üçün kifayət edirlər. Təqdimat zamanı şirkət əsas diqqəti bu texnologiyanın təhlükəsizlik səviyyəsinə yönəldib. TrinamiX şirkətinin Face ID texnologiyasının drayverləri prosessorlarla Qualcomm-un Trusted Execution adlı mühitində çalışır. Şirkətin verdiyi məlumata əsasən bu Face ID sistemi biometrik məlumatların sızdırılmasının və onların hansısa üsulla dəyişdirilməsinin qarşısını alır. Şirkət həmçinin qeyd edib ki, Face ID vasitəsilə mobil ödənişlərin təhlükəsizliyi FIDO Alliance, Android Biometric Security IIFAA təşkilatları tərəfindən sertifikatlaşdırılıb.
        TrinamiX sözügedən texnologiya ilə yanaşı onun üçün nəzərdə tutulmuş proqram təminatını da təklif edir. Beləliklə smartfon istehsalçıları bu Face ID sistemini öz məhsullarına inteqrasiya edən zaman onun adaptasiyası üçün əlavə xərclər çəkməyəcəklər. Texnologiyanın digər üstünlüklərindən biri də yeni dizayn imkanlarıdır. Məlumatda qeyd edilib ki, sözügedən texnologiyanın iPhone smartfonuna inteqrasiyası halında ekran üzərindəki Dynamic Island çıxıntısının ölçüsünü iki dəfə kiçiltmək olar. TrinamiX şirkətinin Face ID texnologiyasının smartfonlarda və digər cihazlarda nə zaman istifadə ediləcəyi bilinmir.
    Linki kopyala