
Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
Elm & Texnologiya
30.05.2025
Emil
Cəmi 2 gün əvvəl Starship kosmik gəmisinin doqquzuncu sınaq uçuşu zamanı növbəti partlayış baş verdikdən sonra Elon Musk bildirib ki, Starship-i artıq gələn ilin sonunda Marsa göndərmək niyyətindədir. Lakin hələlik ekipajsız. Əslində isə Mars uçuşunun vaxtı, Starship-in sonrakı sınaqlarda bir sıra mürəkkəb texniki tapşırıqları yerinə yetirib-yetirə bilməyəcəyindən asılı olacaq. Bunlara Yerətrafı orbitdə uçuş sonrası yanacaq doldurma manevri d ə daxildir. 2026-cı ilin sonunda Yer və Mars elə bir mövqe tutacaq ki, iki planet arasındakı məsafə minimuma enəcək. Marsa uçuş imkanı - təxminən 7-9 ay davam edən səyahət pəncərəsi - hər 2 ildən bir baş verir. Musk-ın fikrincə, SpaceX-in bu vaxta qədər hazır olma ehtimalı 50%-dir.

Bu barədə şirkətin X sosial şəbəkəsindəki səhifəsində yayımlanan Starship-in tarixçəsinə dair videoda qeyd olunub. Əgər göstərilən tarixə qədər Starship hazır olmazsa, SpaceX daha 2 il gözləməli olacaq. İlk uçuşda ekipaj, Tesla Optimus adlı bir və ya bir neçə insanabənzər robotdan ibarət olacaq. İkinci və ya üçüncü uçuşu isə artıq insanlardan ibarət ekipajlar həyata keçirəcəklər. Nəticədə Musk-ın məqsədi, hər 2 ildən bir Marsa 1-2 minədək gəmi göndərmək və oradakı ilk insan məskənini tez bir zamanda özünü təmin edə bilən formaya salmaqdır. NASA isə hələlik eyni Starship vasitəsilə insanı Ay səthinə qaytarmağa çalışır. “Apollo” proqramı çərçivəsində son enişdən bəri artıq yarım əsrdən çox vaxt keçib.

Marsa isə ABŞ kosmik agentliyi yalnız 2030-cu illərdə astronavt göndərməyi planlaşdırır. Musk əvvəldən ümid edirdi ki, 2018-ci ildə Marsa pilotsuz gəmi göndərəcək, 2024-cü ildə isə pilotlu missiyaya nail olacaq. Keçən çərşənbə axşamı, Starship-in doqquzuncu sınaq uçuşundan sonra SpaceX-in qurucusu Texasdakı Starbase kosmodromundan canlı yayım keçirməyi planlaşdırsa da, bu fikrindən imtina edib. Səbəb isə gəminin buraxılışdan təxminən 30 dəqiqə sonra nəzarətdən çıxması və uçuşun yarısında parçalanaraq bir sıra mühüm hədəflərə çata bilməməsi olub. Buna baxmayaraq, Elon Musk nikbinliyini itirməyib. O bildirib ki, bu missiyada belə analiz üçün bir çox yaxşı məlumatlar toplanıb və növbəti 3 Starship sınaq uçuşu çox qısa fasilələrlə həyata keçiriləcək.
Paylaş
Ən çox oxunanlar

Enerjinin naqilsiz şəkildə ötürülməsində yeni rekorda imza atılıb
