
Süd Yolu qalaktikasındakı nəhəng qara dəliyin ətrafında 2 əkiz ulduz sistemi kəşf edilib!
Elm & Texnologiya
19.12.2024
Aslan
Astronomlar Süd Yolunun mərkəzindəki Sagittarius A* ətrafında dövr edən əkiz ulduz sistemi aşkarlayıblar. Şilidəki Very Large Telescope (VLT) vasitəsilə kəşf edilən və D9 adı verilən sistem alimləri təəccübləndirib.
Bəlkə də bəzilərimiz təəccüblənəcəyik, amma tədqiqatı aparan Köln Universitetindən Florian Peißker, “Qara dəliklər düşündüyümüz qədər dağıdıcı deyil” açıqlamasını verib. Bu vəziyyət, qara dəliklərin ətrafında həyat ehtimalı kimi həyəcanverici yeni imkanları gündəmə gətirib. Lakin belə bir mühitdə planetlərin varlığı barədə dəqiq bir şey söyləmək hələ tezdir.

D9 sistemindəki ulduzlar olduqca cavan hesab edilir. Alimlər bu ulduzların yalnız 2.7 milyon illik olduğunu düşünürlər. Müqayisə üçün, Günəşin 4.6 milyard illik yaşı ilə yanaşı bu müddət bir göz qırpımı qədər qısa görünür. Lakin bu ulduzlar üçün gələcəyin təəssüf ki, uzun sürməyəcəyi proqnozlaşdırılır. Sagittarius A*-nın güclü cazibə qüvvəsi, nəticədə bu əkiz ulduzların birləşməsinə səbəb olacaq. Bu kəşf, başqa bir mifin də səhv olduğunu sübut edib: Süper kütləli qara dəliklərin ətrafındakı sahələr, düşünüldüyü qədər xaotik deyil. Tədqiqat qrupundan Michal Zajaček, D9 sisteminin cavan ulduzların qara dəliyə yaxın ərazilərdə formalaşa biləcəyini göstərdiyini bildirib. O, “Bu sistem, ətrafındakı qaz və toz buludlarının təsiri ilə çox cavan bir ulduz sisteminə işarə edir” deyə qeyd edib.
D9, Sagittarius A*-nın ətrafındakı S ulduz qrupu tərkibinə daxildir. Bu qrup, qalaktika mərkəzindəki qara dəliyin ətrafında inanılmaz sürətlə hərəkət edən göy cisimlərindən ibarətdir. Bundan əlavə, burada G obyektləri adlandırılan və həm qaz buludu, həm də ulduz kimi davranan müəmmalı strukturlar mövcuddur. Alimlər bu obyektlərin daha əvvəl birləşmiş əkiz ulduz sistemlərindən meydana gəlmiş ola biləcəyini düşünürlər. Astronomlar, VLT teleskopunun GRAVITY+ yeniləməsi və gələcəkdə istifadəyə veriləcək Extremely Large Telescope (ELT) ilə qalaktika mərkəzinin sirlərini daha dərindən araşdırmağı planlaşdırırlar. Sonda Peißker, “Bu kəşf, cavan ulduzların ətrafında planetlərin ola biləcəyi fikrini gücləndirir. Qalaktika mərkəzində planetlərin mövcudluğunu kəşf etmək artıq sadəcə vaxt məsələsi kimi görünür” deyə əlavə edib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
