Logo
    main-post-cover

    Süni qanın yaradılması ilə bağlı növbəti irəliləyiş əldə edilib

    Elm & Texnologiya
    10.07.2025
    Emil
         Böyük Britaniyadan olan bir tədqiqat qrupu progenitor hüceyrələrinin eritrositlərə çevrilmə mexanizmini anlamaqda mühüm bir kəşf edib. Bu yeni biliklər gələcəkdə fərqli qan qruplarına malik süni qanın kütləvi istehsalını və onun klinik tətbiqini mümkün edə bilər. Alimlər süni qan istehsalı üzərində artıq bir neçə onillikdir ki, çalışsalar da, qanın təbii yaranma mexanizmlərini tam şəkildə başa düşmək mümkün olmamışdı. İndi isə London Kraliça Meri Universitetindən olan ədqiqat qrupu eritrositlərin inkişafındakı əsas mərhələnin mexanizmini aşkar edib - yəni progenitor hüceyrələrin nüvəni özlərindən çıxarma prosesi.
         Təbii qan yaranması sümük iliyində baş verir. Burada kök hüceyrələri inkişaf edərək eritroblastlara - qırmızı qan hüceyrələrinin sələflərinə çevrilirlər. İnkişafın son mərhələsində eritroblast öz nüvəsini hüceyrədən çıxarır. Aşkarlanıb ki, bu nüvənin çıxarılma prosesini CXCL12 hemokini başladır. Bu molekul sümük iliyində digər molekulyar faktorlarla birlikdə fəaliyyət göstərir. Aparılmış təcrübələr sübut edib ki, CXCL12-nin eritroblastlara lazımi anda yeridilməsi nüvənin çıxarılmasını təmin edir. “Bu, inqilabi elmi kəşfdir və süni qanın yaradılmasının effektivliyini əhəmiyyətli dərəcədə artırmalıdır” - deyə tədqiqatın müəllifi Julia Gutjahr bildirib.
         Məsələn, təkrar proqramlaşdırılmış hüceyrələrdən eritrositlərin istehsalı prosesi çox vaxt aparır və nüvənin xaric olunması cəmi 40% hallarda baş verir. İndi isə bu prosesin effektivliyini nəzarətdə saxlamağa imkan verən bir texnologiya ortaya çıxıb. Lakin bu kəşf təkcə süni qan yaradılması baxımından deyil, həm də hüceyrələrin bioloji mexanizmlərinə və hemokinlərin bu prosesdəki roluna tamamilə yeni baxış imkanı yaradır. “Tədqiqatımız ilk dəfə olaraq göstərdi ki, hemokin reseptorları yalnız hüceyrə səthində deyil, onun daxilində də fəaliyyət göstərir. Bu isə onların hüceyrə biologiyasında rolunu yenidən qiymətləndirmək üçün tamamilə yeni perspektivlər açır” - deyə müəlliflər yekunlaşdırıblar.
    Paylaş