Logo
    main-post-cover

    Tarixdə ilk dəfə Günəşin cənub qütbünün fotoları çəkilib

    Elm & Texnologiya
    13.06.2025
    Emil
         Bu ilin yazında Avropanın Solar Orbiter adlı kosmik Günəş rəsədxanası ilk dəfə Günəşin ekvator müstəvisindən aşağı enərək onun cənub qütbünün görüntüsünü əldə edib. Günəşin hər iki qütbü Yer orbitindən görünmədiyi üçün, orada baş verən proseslər haqqında tam təsəvvür formalaşdırmaq mümkün olmurdu. Xüsusilə qiymətli olan odur ki, bu müşahidələr Günəşin 11 illik aktivlik dövrünün zirvəsinə təsadüf edib. Bu hadisə Günəş fizikası elmini dəyişəcək, onu daha tam və anlaşıqlı edəcək. Təqdim edilmiş kollajda Solar Orbiter-in 16-17 mart 2025-ci il tarixlərində çəkdiyi Günəşin cənub qütbü göstərilir.
         Həmin vaxt kosmik aparat Günəşi Günəş ekvatorunun 15 dərəcə aşağısından müşahidə edirdi. Bu, yüksək bucaq altında aparılan ilk müşahidə kampaniyası idi. Bir neçə gün sonra cihaz artıq 17 dərəcə bucaq altında müşahidə apardı. Solar Orbiter-in unikal müşahidə bucağı Günəşin maqnit sahəsi, Günəş dövrləri və kosmik hava ilə bağlı təsəvvürlərimizi dəyişir. Bu məlumatların əhəmiyyətini qiymətləndirmək çətindir. Yaxın illərdə bu kosmik aparat orbitini daha da əyəcək və nəticədə Günəşin qütblərinə daha yaxşı baxış imkanları yaranacaq.
         “Bu gün biz bəşəriyyət tarixində ilk dəfə olaraq Günəşin qütbünün görüntülərini nümayiş etdiririk. Günəş bizim ən yaxın ulduzumuzdur, həyatın mənbəyidir və eyni zamanda müasir kosmik və yerüstü enerji sistemlərinin potensial dağıdıcısıdır. Buna görə də onun necə işlədiyini anlamaq və davranışını əvvəlcədən proqnozlaşdırmağı öyrənmək son dərəcə vacibdir. Solar Orbiter missiyası çərçivəsində əldə olunmuş bu yeni və unikal görüntülər Günəşin öyrənilməsində yeni bir eranın başlanğıcını qoyur” - deyə Avropa Kosmik Agentliyinin (ESA) elmi işlər üzrə direktoru, professor Carole Mundell bildirib. Təqdim olunmuş görüntülər Solar Orbiter-in 3 elmi aləti tərəfindən əldə edilib:
    - Polarimetrik və heliosizmik vizualizator (PHI),
    - Ekstremal ultrabənövşəyi diapazonda vizualizator (EUI),
    - Günəş tacının spektral vizualizasiyası üçün cihaz (SPICE).
         “Biz bu ilk müşahidələrdən - Günəşin qütblərindən - nə gözləyəcəyimizi dəqiq bilmirdik, çünki bu ərazi sözün əsl mənasında terra incognita, yəni ‘naməlum ərazi’ idi” - deyə Almaniyada yerləşən Maks Plank Günəş Sistemi Tədqiqatları İnstitutunun PHI cihazını hazırlayan tədqiqat qrupunun rəhbəri professor Sami Solanki bildirib. Bu cihazların hər biri Günəşi fərqli şəkildə müşahidə edir. PHI Günəşi görünən işıqda çəkir (birinci fotoda yuxarı solda) və onun səthindəki maqnit sahəsinin xəritəsini tərtib edir (birinci fotoda mərkəzdə). EUI ultrabənövşəyi diapazonda görüntülər alır (birinci fotoda yuxarı sağda), bu isə Günəşin xarici atmosferində - tacda - təxminən 1 milyon dərəcə isti olan yüklü qazları aşkar etməyə imkan verir. SPICE cihazı ( birinci fotoda aşağıda) isə Günəş səthinin üzərindəki müxtəlif temperaturlu yüklü qazlardan çıxan işığı qeydə alaraq Günəş atmosferinin müxtəlif qatlarını aşkarlayır və onların hərəkətini müəyyən edir.
         Bu 3 alətlə əldə edilən məlumatları müqayisə və təhlil edərək alimlər Günəşin xarici qatlarında maddənin necə hərəkət etdiyini anlaya bilirlər. Bu, gözlənilməz qanunauyğunluqları üzə çıxarmağa imkan verir - məsələn, Venera Saturnun qütblərində müşahidə olunanlara bənzər qütb burulğanları kimi. Solar Orbiter-in unikal müşahidələri həmçinin Günəşin maqnit sahəsinin fizikası və onun niyə təxminən hər 11 ildən bir polyarlığını  dəyişdirməsi ilə bağlı suallara cavab tapmaq baxımından da son dərəcə önəmlidir. Bu dəyişiklik Günəşin aktivlik dövrünün zirvəsi ilə üst-üstə düşür. Mövcud modellər isə hələlik növbəti Günəş dövrünün nə vaxt və hansı dərəcədə aktiv olacağını dəqiq şəkildə proqnozlaşdırmağa imkan vermir. Solar Orbiter vasitəsilə Günəşin qütbləri üzərində aparılan müşahidələr nəticəsində əldə edilən ilk elmi kəşflərdən biri, hal-hazırda Günəşin cənub qütbündə maqnit sahəsinin nizamsız vəziyyətdə olması ilə bağlıdır.
    Solar Orbiter:
         Əgər adi maqnitdə aydın şəkildə müəyyən edilmiş şimal və cənub qütbləri varsa, ölçmələr göstərib ki, Günəşin cənub qütbündə əks polyarlı maqnit sahələri eyni anda mövcuddur. Belə bir vəziyyət yalnız Günəşin hər dövründə qısa müddət ərzində - aktivliyin maksimum səviyyəyə çatdığı və maqnit sahəsinin polyarlığını dəyişdirdiyi dövrdə müşahidə olunur. Polyarlıq dəyişdikdən sonra qütblərdə tədricən vahid dominant polyarlıq formalaşır. Təxminən 5-6 il sonra Günəş növbəti minimum dövrünə çatacaq. Bu zaman maqnit sahəsi ən nizami halını alacaq və aktivlik səviyyəsi minimuma enəcək. “Bu maqnitliliyin necə toplandığı hələ tam öyrənilməyib. Məhz buna görə də Solar Orbiter yüksək enliklərə vaxtında çataraq bu prosesi unikal baxış bucağından müşahidə edə bildi” - deyə Sami Solanki qeyd edib.
         Daha bir maraqlı kəşf isə SPICE cihazının işi ilə bağlıdır. Spektroqraf olduğu üçün bu cihaz müəyyən kimyəvi elementlər (hidrogen, karbon, oksigen, neon və maqnezium) tərəfindən yayılmış işığı ölçür. Son 5 il ərzində SPICE bu məlumatlardan istifadə edərək Günəşin səthi üzərində yerləşən müxtəlif qatlarda baş verən prosesləri tədqiq edib. İndi SPICE komandası ilk dəfə olaraq spektral xətlərin dəqiq izlənməsi vasitəsilə Günəş maddəsinin topalarının hərəkət sürətini ölçə bilib. Bu işdə Dopler effekti yardımçı olub. Əldə edilən sürət xəritəsi müəyyən bir qat daxilində maddənin necə hərəkət etdiyini göstərir. Bu isə Günəş küləyinin yaranma proseslərini və ümumilikdə Günəş atmosferində müşahidə olunan bütün fiziki hadisələri anlamaq üçün açar rolunu oynayır. “Keçmiş missiyalarda Günəşdən çıxan Günəş küləyinin Dopler ölçmələrinə əsas maneə qütblərə baxış imkanının olmaması idi. İndi Solar Orbiter sayəsində yüksək enliklərdə aparılan ölçmələr Günəş fizikası sahəsində əsl inqilab olacaq” - deyə alimlər vurğulayıblar.
         Bu, Solar Orbiter-in yeni meyilli orbitindən topladığı ilk məlumatlardır və onların böyük hissəsi hələ analiz olunmayıb. Gözlənilir ki, Günəşin “qütbdən-qütbə” ilk uçuşuna dair tam məlumat paketi 2025-ci ilin oktyabr ayına qədər əldə olunacaq. Solar Orbiter-in bütün 10 elmi cihazı qarşıdakı illərdə misilsiz məlumatlar toplamağa davam edəcək. “Təqdim olunan bu nəticələr Solar Orbiter-in ‘göyə aparan nərdivan’dakı ilk addımıdır. Qarşıdakı illərdə kosmik aparat ekvator müstəvisindən daha da uzaqlaşacaq ki, Günəşin qütb sahələrini daha yaxşı görə bilsin. Bu məlumatlar Günəşin maqnit sahəsi, Günəş küləyi və onun aktivliyi barədə təsəvvürlərimizi dəyişəcək” - deyə tədqiqatçılar əlavə ediblər.
     
    Paylaş