Logo
    main-post-cover

    Venera Yerə düşünüldüyündən daha çox bənzəyir

    Elm & Texnologiya
    15.05.2025
    Emil
         Venera uzun müddət geoloji baxımdan ölü planet hesab olunurdu. Lakin son araşdırmalar göstərir ki, bu belə deyil. Orada səth və qabıqda dəyişikliklərə səbəb olan tektonik proseslər baş verir. Bu isə o deməkdir ki, Venera Yerə əvvəl düşündüyümüzdən daha çox bənzəyir. Venerada, Yerdən fərqli olaraq, planet qabığını təşkil edən litosfer plitələri yoxdur. Buna görə də bu plitələrin tektonik hərəkətləri də baş vermir. Halbuki, Yerdə bu hərəkətlər qabığın və səthin daim dəyişməsinə səbəb olur. Alimlər uzun müddət belə hesab edirdilər ki, litosfer plitələrinin hərəkəti olmadığından, Veneranın qabığı zamanla qalınlaşacaq, yəni yeni süxurlar yuxarıdan əlavə olunduqca qabıq daha da böyüyəcək.
         Lakin ilk araşdırmanın müəllifləri belə qənaətə gəliblər ki, Veneranın səthi altında elə bir proses mövcuddur ki, bu, qabığın ölçülərinin artmasına imkan vermir. Qabıq müəyyən qalınlığa çatdıqda ya çatlayır. Bu isə su və kimyəvi elementlərin yenidən planetin daxilinə qayıtmasına, nəticədə isə vulkanik aktivliyin yaranmasına səbəb olur. Alimlər kompüter modelləşdirmələrindən istifadə edərək Veneranın qabığında müxtəlif süxur tiplərinin planetin ekstremal istilik və yüksək təzyiqi altında necə davrandığını simulyasiya ediblər. Venerada temperatur 480 dərəcə Selsiyə çatır və təzyiq Yer okeanlarının bir neçə kilometr dərinliyindəki təzyiqə bərabərdir. Araşdırmalar göstərib ki, Veneranın qabığı zamanla dəyişir.
         Qabıq qalınlaşdıqca onun alt qatları altında yerləşən mantiyadan daha ağır olur və nəticədə bu ağır qatlar aşağıya doğru çökməyə başlayır. Beləliklə, Veneranın qabığı maksimum təxminən 65 km qalınlığa çata bilir və alimlərin fikrincə, bir çox bölgədə bu qalınlıq daha da az ola bilər. Bu mexanizm, Venerada litosfer plitələrinin hərəkəti olmasa belə, planetin geoloji cəhətdən aktiv qalmasının səbəbini izah edə bilər. Venerada aktiv geoloji proseslərin, xüsusilə də vulkanik aktivliyin baş verdiyi alimlərə, ötən əsrin 90-cı illərində Veneranı tədqiq etmiş Magellan zondunun məlumatlarının yenidən təhlilindən sonra məlum olub. İkinci araşdırmanın müəllifləri də Magellan zondundan alınmış məlumatlardan və modelləşdirmədən istifadə edərək müəyyən ediblər ki, Venerada litosfer plitələrinin hərəkəti olmasa da, yeraltı tektonik aktivlik davam edir.
         Alimlərin sözlərinə görə, bu daxili aktivliyin səthdə deformasiyalar yaratdığını göstərən sübutlardan biri də koronalardır. Bu strukturlar kraterlərə bənzəyir, diametrləri isə yüzlərlə kilometrə qədər çata bilər. Tədqiqatlar göstərib ki, koronaların mənşəyi vulkanikdir. Alimlərin fikrincə, onlar Veneranın dərinliklərindən çıxan ərimiş material axınları - yəni mantiyadan qalxan sütunvari isti mantiya axını nəticəsində yaranıblar. Bu mantiya axınları səthin bir hissəsini yuxarı qaldıraraq bir gümbəz əmələ gətirir, həmin gümbəz uçduqda isə yerində korona formalaşır. Alimlər belə qənaətə gəliblər ki, Venerada tektonik aktivlik mövcuddur və bu, mantiyadan qalxan axınlarla planetin litosferası - yəni qabığı və mantiyanın üst qatları arasında baş verən qarşılıqlı təsir formasında özünü göstərir. Bu qarşılıqlı təsir koronaların altında baş verə bilər.
    Veneradakı koronalar:
         Tədqiqatçılar müəyyən ediblər ki, koronaların üzərini əhatə edən ərimiş material ətraf mühitə nisbətən daha az sıxlığa malikdir və məhz bu da tektonik prosesləri işə salır. Araşdırmanın müəllifləri hesab edirlər ki, Veneranın dərinliklərindən gələn ərimiş material axınları qabığın bəzi hissələrinin çatlamasına, ərinməsinə və daha sonra mantiyaya doğru çökməsinə səbəb olur. Yəni bu tədqiqat qrupu da, əvvəlki araşdırmanın müəllifləri kimi, oxşar nəticələrə gəlib. Eyni zamanda, alimlər düşünürlər ki, bu tip geoloji aktivlik qədim zamanlarda Yer planetində də baş verə bilərdi. Venerada əslində nə baş verdiyini dəqiq öyrənmək üçün, gələn onilliyin əvvəlində planetə DAVINCI, VERITAS EnVision adlı zond missiyaları göndəriləcək. Bu missiyaların məqsədi Venerada qabıq və səthin həqiqətən daxili geoloji proseslər nəticəsində dəyişib-dəyişmədiyini müəyyənləşdirməkdir.
    Mənbə: Space.com
    Paylaş