Logo
    Voyager 1 Yerdən 1 işıq günü uzaqlığa çatan ilk süni obyekt olacaq

    Voyager 1 Yerdən 1 işıq günü uzaqlığa çatan ilk süni obyekt olacaq

        “Voyager 1” kosmik aparatı 18 noyabr 2026-cı il saat 14.16.07-də Yerdən 1 işıq günü uzaqlığa çatan ilk insan istehsalı obyekt olacaq. Beləliklə, 49 ildir uçan aparat tarixin ən uzaqdakı süni obyekti kimi yeni rekorda imza atacaq. “NASA” bu tarixi an üçün geri sayım başladıb. İşıq günü zaman ölçüsü deyil, işığın 24 saatda qət etdiyi məsafədir.
        Həmin tarixdə “Voyager 1” 26 milyard kilometr məsafəyə çatacaq. Müqayisə üçün Ay Yerdən 384 400 kilometr uzaqdadır. Yerlə Günəş arasındakı məsafə isə 149,6 milyon kilometrdir. Aparat Günəşə nəzərən saatda təxminən 60 900 kilometr sürətlə hərəkət edir. Sürət rekordu saatda təxminən 635 000 kilometrə çatan “Parker Solar Probe” aparatındadır.
        Missiya əvvəlcə Yupiter və Saturnu öyrənmək üçün hazırlanmışdı və 5 il davam etməli idi. “Voyager 1” 1 işıq günü həddinə uçuşa başladıqdan 49 il, 2 ay və 13 gün sonra çatacaq. Bununla da ilkin missiya müddətini təxminən 10 dəfə aşacaq. Aparatda 2024-cü ildə ciddi yaddaş xətası yaranıb, lakin mühəndislər problemi bir neçə həftəyə düzəldiblər. Həmin vaxt siqnalın aparata çatması 22 saatdan çox çəkirdi. Cavabın gedib-gəlməsi üçünsə azı 45 saat lazım idi.
        Bu ilin əvvəlində enerji səviyyəsi gözlənilmədən azalanda “NASA” cihazlardan birini təcili söndürüb. Aparata enerji verən 3 radioizotop termoelektrik generatorunun 2030-cu illərə qədər işləyəcəyi təxmin edilir. Ciddi nasazlıq baş verməsə, “Voyager 1” ulduzlararası fəzada yoluna davam edərək Yerə məlumat göndərəcək.
        “Voyager 1” hazırda Kiçik Ayı bürcündəki “Gliese 445” ulduzuna doğru hərəkət edir. Gələcəkdə aparat həmin ulduzun 1,7 işıq ili yaxınlığından keçməlidir. Ancaq onun sürəti işıq sürətinin cəmi 0,00564325 faizidir. Bu sürətlə “Voyager 1”in həmin ulduza çatması 300 000 ildən çox çəkərdi.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...