
Xiaomi şirkəti Xiaomi 13 smartfonları və MIUI 14 interfeysi ilə yanaşı həmçinin Watch S2 smart saatını və Buds 4 adlı yeni naqilsiz qulaqlıqlarını təqdim edib. İlk öncə Watch S2 smart saatından başlayaq. Təqdim edilmiş Watch S2 modeli keçən ilki Watch S1-in davamçısıdır. Yeni smart saat iki versiyada təqdim edilib. Birinci versiya 42 mm gövdə ölçüsünə, ikinci versiya isə 46 mm gövdə ölçüsünə sahibdir. 42 mm gövdə ölçüsünə sahib versiya 466x466 piksel keyfiyyətinə sahib 1.32 düym AMOLED, 46 mm gövdə ölçüsünə sahib versiya isə 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekran ilə təchiz olunub. Smart saatın gövdəsi paslanmaz polad materialdan hazırlanıb və onun ekranı yaqut şüşə ilə örtülüb.
Bununla yanaşı Watch S2-nin hər iki versiyası 5ATM standartı üzrə sudan qorunur. Watch S2 ürək döyüntülərini, qandakı oksigen miqdarını ölçə və yuxu ilə stress vəziyyətini monitorinq edə bilir. Bundan əlavə olaraq smart saat bədən temperaturunu ölçə, qadınlarda menstrual dövrə nəzarət edə, orqanizmdəki yağın, əzələlərin, zülalların və digər faktorların göstəricilərini təyin edə bilir. Watch S2 100-dən çox idman rejimini dəstəkləyir. Smart saat Bluetooth üzərindən telefon danışıqları üçün nəzərdə tutulmuş mikrofon və səsgücləndirici ilə təchiz olunub. Bununla yanaşı o özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi, GPS modulu və Bluetooth 5.2 texnologiyasını birləşdirir. Smart saatın 42 mm-lik gövdə ölçüsünə sahib versiyası 305 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o, 7 gün ərzində avtonom rejimdə çalışa bilir.
46 mm-lik gövdə ölçüsünə sahib versiya isə 500 mAh enerji tutumlu batareya ilə təchiz olunub və o, 12 gün ərzində avtonom rejimdə çalışa bilir. Watch S2-nin 42 mm-lik versiyası Çində 140$-a, 46 mm-lik versiyası isə 160$-a satılacaq. İndi isə keçək naqilsiz Buds 4 qulaqlıqlarına. Təqdim edilmiş Buds 4 modeli keçən ilki Buds 3-ün davamçısıdır. Yeni naqilsiz qulaqlıqlar xarici görünüşcə Apple AirPods-u xatırladırlar. Buds 4 qulaqlıqları IPX54 standartı üzrə sudan qorunurlar və onların gövdələrində sensorlu idarəetmə sistemi reallaşdırılıb. Sözügedən qulaqlıqlara ətraf səs-küyün aktiv boğulması funksiyası və 3 ədəd mikrofon inteqrasiya edilib. Qulaqlıqlardan hər biri 30 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şarj keysi isə özündə 480 mAh enerji tutumlu batareyanı birləşdirir. Beləliklə şarj keysi ilə birlikdə qulaqlıqlar ümumi olaraq 30 saat ərzində çalışa bilirlər. Buds 4 Çində 100$ qiymətində satışa çıxıb. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Şərh yoxdur