Logo
    main-post-cover

    Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq

    Elm & Texnologiya
    22.04.2025
    Emil
         Xeyli sayda insan xəstəliklər nəticəsində nitq qabiliyyətini itirir, baxmayaraq ki, onların idrak funksiyaları toxunulmaz qalır. Buna görə də süni zəka sahəsindəki irəliləyişlər fonunda bir çox tədqiqatçılar beynə implantasiya edilən çiplərlə neyron şəbəkələrin birləşməsi yolu ilə təbii nitqin sintezinə fokuslanıblar. Əgər bu texnologiya uğurlu alınsa, beyin iflici və ya autizm kimi vəziyyətlər səbəbindən səslənmədə çətinlik çəkən insanlara kömək məqsədilə daha geniş şəkildə tətbiq oluna bilər. Uzun müddət ərzində əsas investisiyalar və alimlərin diqqəti, ağır əlilliyi olan şəxslərə klaviatura istifadə etməyə, robotlaşdırılmış qolları idarə etməyə və ya iflic olmuş bədən hissələrindən qismən istifadəni bərpa etməyə imkan verən implantlara yönəlmişdi.
         Eyni zamanda, bir çox tədqiqatçılar düşüncə modellərini danışığa çevirən vokalizasiya texnologiyalarının hazırlanmasına da fokuslanıblar. “Biz böyük irəliləyişə nail oluruq. Səsin beyindən süni səsə ötürülməsini iki danışan insan arasında olan söhbət qədər axıcı etmək bizim əsas məqsədimizdir” - deyə Kaliforniya Universitetinin neyrocərrahı Edward Chang bildirib. “İstifadə etdiyimiz süni zəka alqoritmləri getdikcə sürətlənir və biz hər yeni iştirakçı ilə birlikdə daha çox şey öyrənirik”. 2025-ci ilin mart ayında Chang və həmkarları Nature Neuroscience jurnalında bir məqalə dərc ediblər. Orada 18 il əvvəl insult keçirdikdən sonra danışa bilməyən iflic olmuş bir qadınla apardıqları iş təsvir olunub. Alimlərin köməyi ilə qadın, 1024 fərqli sözdən ibarət cümlələri səssiz şəkildə tələffüz etməyə çalışaraq neyron şəbəkəni öyrədib.
         Daha sonra onun səsinin səslənməsi, neyron məlumatlarının birbaşa nitq sintezi və mətn deşifrə modelinə ötürülməsi ilə həyata keçirilib. Bu texnologiya xəstənin beyin siqnalları ilə alınan səs arasındakı gecikməni ilkin 8 saniyədən 1 saniyəyə qədər azaltmağa imkan verib. Bu nəticə artıq adi danışıq üçün təbii sayılan 100-200 millisaniyəlik zaman intervalı ilə müqayisə edilə bilər. Sistemin median deşifrə sürəti dəqiqədə 47.5 sözə çatıb ki, bu da təxminən adi söhbət sürətinin üçdə birinə bərabərdir. Oxşar araşdırmalar Precision Neuroscience şirkəti tərəfindən də aparılıb. Şirkətin baş direktoru Michael Mager bildirib ki, onların yanaşması “elektrodların daha sıx yerləşdirilməsi” sayəsində beyin siqnallarını daha yüksək dəqiqliklə tutmağa imkan verir.
         Hazırda Precision Neuroscience 31 pasient üzərində uğurlu təcrübələr aparıb və hətta tənzimləyici qurumlardan sensorlarını bədəndə 30 günə qədər implantasiya olunmuş vəziyyətdə saxlamaq üçün icazə də alıb. Mager iddia edir ki, bu, 1 il ərzində neyron şəbəkəni “Yer üzərində mövcud olan ən böyük və yüksək dəqiqlikli neyron məlumat bazası” üzərində öyrətməyə imkan verəcək. Mager-in sözlərinə görə, növbəti addım “komponentlərin miniatür halına gətirilməsi və onların bədənə daimi yerləşdirilə bilməsi üçün hermetik, biouyğun kapsullara yerləşdirilməsi” olacaq.
         “Beyin-səs” texnologiyasının hazırlanması və istifadəsində ən ciddi maneə, pasientlərin bu sistemdən istifadə etməyi öyrənməsi üçün tələb olunan vaxtdır. Əsas cavabsız suallardan biri isə, fərqli insanlarda beyin qabığının hərəkətə cavab verən (motor) bölgəsində - yəni könüllü hərəkətləri, o cümlədən danışığı idarə edən sahədə - cavab nümunələrinin nə dərəcədə fərqli olduğudur. Əgər bu nümunələr oxşar olsa, əvvəlcədən öyrədilmiş modellər yeni pasientlər üçün də istifadə edilə bilər. Bu da fərdi öyrədilmə prosesini - hansı ki, onlarla, hətta yüzlərlə saat çəkə bilər - xeyli sürətləndirər.
         Vokalizasiya sahəsində çalışan bütün tədqiqatçılar “daxili düşüncələrin deşifrə olunmasının” - yəni insanın səsləndirmək istəmədiyi fikirlərin açıqlanmasının - yolverilməzliyi mövzusunda həmfikirdirlər. Alimlərdən biri bildirib: “Çoxlu fikirlər var ki, onları ucadan demirəm, çünki ya özümə zərər verə bilər, ya da başqalarına ziyan toxundura bilər”. Hazırda alimlər, orta statistik insanın adi danışığı ilə müqayisə oluna biləcək səviyyədə vokalizasiyadan hələ uzaqdırlar. Dekodlaşdırma dəqiqliyi 98%-dək artırılsa da, səsin çıxışı ani baş vermir və nitqin ton və əhval-ruhiyyə kimi vacib xüsusiyyətlərini ötürə bilmir. Alimlər ümid edirlər ki, nəticə etibarilə onlar insan səsinin bütün ifadə imkanlarını təmin edən bir səs neyroprotezi hazırlaya biləcəklər. Bu cihaz sayəsində pasientlər nitqlərinin tonunu və ritmini idarə edə, hətta mahnı oxuya biləcəklər.
    Mənbə: Arstechnica
    Paylaş
    Bənzər xəbərlər
    aydaki-potensial-bazanin-insasinda-robotlar-istirak-edecekler
    Elm & Texnologiya

    Aydakı potensial bazanın inşasında robotlar iştirak edəcəklər

    NASA və HEBI Robotics şirkəti qüvvələrini birləşdirərək Ayda bazalar inşa edəcək robotlar hazırlayırlar. Bu prosesin artıq 2030-cu ilə qədər gerçəkləşməsi planlaşdırılır. Robotlar insan müdaxiləsi olmadan işləyə biləcəklər.
    huawei-dunyanin-ilk-10-gbit-suretli-internetini-istifadeye-verib
    Elm & Texnologiya

    Huawei dünyanın ilk 10 Gbit sürətli internetini istifadəyə verib

    Çində ilk dəfə olaraq bir şəhər təxminən 10 000 Mbit/s sürətində olan genişzolaqlı internetə keçid edib. Bu uğura paytaxt Pekinin ətrafında yerləşən Syun’an adlı yaşayış məntəqəsi nail olub.
    cin-yer-ile-ay-arasinda-ilk-peyk-esasli-rabite-ve-naviqasiya-sistemini-yaradib
    Elm & Texnologiya

    Çin Yer ilə Ay arasında ilk peyk əsaslı rabitə və naviqasiya sistemini yaradıb

    Çin Yer və Ayın ətrafındakı uzaq orbitə qədər olan məkanda naviqasiya və rabitə peyk şəbəkəsinin yerləşdirilməsini başa çatdırıb. Bu o deməkdir ki, Yer və Ay ətrafındakı geniş məkanda kosmik aparatların təhlükəsiz və dəqiq hərəkəti təmin oluna bilər, həmçinin Ay səthində naviqasiya mümkün olacaq.
    cinde-insanlarin-ve-robotlarin-istiraki-ile-yarimarafon-kecirilib-video
    Elm & Texnologiya

    Çində insanların və robotların iştirakı ilə yarımarafon keçirilib (VİDEO)

    Pekində yerləşən İçjuan texniki-iqtisadi inkişaf zonasında keçən həftənin şənbə günü dünyada ilk dəfə olaraq həm insanların, həm də robotların iştirak etdikləri yarımarafon keçirilib.
    nike-isitme-sistemine-sahib-agilli-idman-ayaqqabisini-teqdim-edib-qiymeti
    Elm & Texnologiya

    Nike isitmə sisteminə sahib ağıllı idman ayaqqabısını təqdim edib - QİYMƏTİ

    Nike, idman avadanlıqları istehsalçısı Hyperice ilə tərəfdaşlıq çərçivəsində yeni nəsil ağıllı geyim - Nike x Hyperice idman ayaqqabısını və jiletini təqdim edib. Bu məhsulların məqsədi məşqlərin effektivliyini artırmaq, idmançıların bərpasını sürətləndirmək və onları fiziki aktivliyə başlamazdan əvvəl hazırlamaqdır.