“Google”u tərk edib öz yolunu seçdi – Azər Əliyevin “SpeakinPrivate” startapının hekayəsi
Tech-Azərbaycan
24.11.2025
Coşqun
Bugünkü qonağımız bir çox qlobal şirkətlərdə, o cümlədən uzun illər “Google”un Berlin ofisində çalışmış, hazırda isə “SpeakinPrivate” startapının qurucusu olan Azər Əliyevdir.
Azər, səni bir daha xoş gördük! Ən son “Bir Bit Söhbət”də qonağımız idin və “Google” təcrübəndən danışmışdıq. O söhbətdən sonra sənin həyatında nələr dəyişdi?
Açığı biraz məşhurlaşdım. (gülür). Mənə yazanlar olur: “Sizi Technote-da görmüşəm, tanıyıram” və s. Yenidən dəvət üçün sizə təşəkkür edirəm!
Əslində, mən “Google”dan iyul-avqust aylarından bəri ayrılmışam. Mənim üçün çox çətin olmadı, çünki bu qərarı öz istəyimlə vermişəm və həmin vaxt artıq buna hazır idim.
Sizi Google kimi nəhəng bir şirkətdən ayıracaq dərəcədə cəlbedici edən nə idi? O qərarı verdiyiniz anı necə xatırlayırsınız?
Çox sadə idi. Özümə sual verdim:
– Həyatımda nə etmək istəyirəm? Startap qurmaq.
– Bunu “Google”da işləyərkən paralel edə bilərəmmi? Xeyr.
– Bir müddət işləmədən yaşaya bilərəmmi? Bəli, bunun üçün imkanım var.
– Yoldaşım və ətrafım mənə dəstək olurmu? Bəli! Əla! O zaman işdən çıxıram!
– Həyatımda nə etmək istəyirəm? Startap qurmaq.
– Bunu “Google”da işləyərkən paralel edə bilərəmmi? Xeyr.
– Bir müddət işləmədən yaşaya bilərəmmi? Bəli, bunun üçün imkanım var.
– Yoldaşım və ətrafım mənə dəstək olurmu? Bəli! Əla! O zaman işdən çıxıram!
Əvvəlcə hansı çətinliklərlə üzləşdiniz? Texniki, yoxsa psixoloji tərəfdənmi daha ağır idi?
Təbii ki, hər ikisi ilə. Yeni startapda hər gün nəsə dəyişir, daim texniki xətalar, “bug”lar çıxır, onları düzəltmək lazım olur. Amma psixoloji olaraq da möhkəm olmaq, inamlı qalmaq çox vacibdir.
“SpeakinPrivate” sadəcə bir mesajlaşma tətbiqi deyil — məxfiliyə və məlumatların qorunmasına yönəlmiş tam bir kommunikasiya ekosistemidir. Bizim məqsədimiz insanların şəxsi sərhədlərini rəqəmsal dünyada da qorumaqdır.
Ənənəvi messencerlərdə istifadəçi telefon nömrəsini paylaşmadan əlaqə qura bilmir və nəticədə anonimlik itir. “SpeakinPrivate” bu problemi aradan qaldırır — burada telefon nömrəsi tələb olunmur. Sadəcə anonim bir ləqəb seçirsiniz və həmin adla istədiyiniz şəxslə ünsiyyət qura bilirsiniz.
Tətbiqdə birdən çox profil yaratmaq mümkündür. Hər profilin öz PIN kodu və adı olur. Beləcə, şəxsi həyatınızı, iş mühitinizi və fərdi maraqlarınızı tamamilə ayrı mühitlərdə idarə edə bilirsiniz. Hər profil yalnız sizin icazənizlə görünür, bu da cihazınıza daxil olunsa belə digər profillərin gizli qalmasını təmin edir.
Məlumatlar yalnız istifadəçinin cihazında saxlanılır, heç bir serverdə toplanmır. Bu o deməkdir ki, bütün yazışmalar və fayllar tam sizin nəzarətinizdədir. Bundan əlavə, fotolardan lokasiya və kamera məlumatları avtomatik silinir, bütün mesajlar isə “end-to-end” şifrələmə ilə qorunur.
Digər fərqli xüsusiyyətimiz — “discoverability” rejiminin olmamasıdır. Siz axtarışda görünmürsünüz və yalnız özünüz seçdiyiniz şəxslərlə əlaqə qura bilirsiniz. Bu, rəqəmsal təqib və təsadüfi mesajlaşma riskini sıfıra endirir.
Yaxın gələcəkdə biznes inteqrasiyası da nəzərdə tutulub. Şirkətlər “SpeakinPrivate” vasitəsilə müştərilərlə anonim, amma təhlükəsiz şəkildə ünsiyyət qura biləcəklər.
Qısası, “SpeakinPrivate” istifadəçiyə tam nəzarət, məxfilik və azadlıq verir. Burada kim olmaq istədiyinizi özünüz müəyyənləşdirirsiniz — rəqəmsal kimliyiniz artıq yalnız sizin əlinizdədir.
Texmini.az və digər əvvəlki layihələriniz bu startapın formalaşmasına necə təsir etdi?
Əvvəlki təcrübələr mənə çox şey öyrətdi. Nələri etmək, nələri etməmək lazım olduğunu artıq bilirdim. Məsələn, bu dəfə PR və marketinqin əhəmiyyətini daha yaxşı anladım və bu istiqamətə xüsusi diqqət ayırıram.
Almaniyada startap ekosistemindən razısınızmı? Hökumət və investor dəstəyi baxımından vəziyyəti necə qiymətləndirirsiniz?
Bəli, olduqca razıyam. Burada böyük və aktiv startap ekosistemi var. Dövlət və özəl sektor dəstəyi hiss olunur, investisiya imkanları da çox genişdir.
Azərbaycandan olan gənc startapçılara hansı məsləhətləri verərdiniz?
Ən vacibi — özlərinə inansınlar. Qlobal bazara fokuslansınlar, çünki Azərbaycan bazarı nisbətən kiçikdir. Qlobalda isə çox böyük investisiya və satış potensialı var.
Ailəniz və yaxınlarınız bu qərarınıza necə yanaşdı? “Google”u buraxıb risk almaq” fikrinə reaksiyaları necə idi?
Çox müsbət qarşıladılar və mənə tam dəstək oldular. Təbii ki, “bu alınmaz”, “bu çox çətindir” kimi fikirlər səsləndirənlər də olur, amma mən onlara fikir vermirəm. Əsas olan inanmaq və davam etməkdir.
Almaniyada sizi dəstəkləyən dostlarınız və icma varmı?
Bəli, var. Berlində 160 nəfərlik “tech community”miz mövcuddur və günbəgün böyüyür. Onlara dəstəkləri üçün təşəkkür edirəm. İndi məqsədimiz bu icmanı digər şəhər və ölkələrə də genişləndirməkdir. Çünki buna ehtiyac var — necə deyərlər, güc birlikdədir!
Tutaq ki, “SpeakinPrivate” çox uğurlu olur, milyonlarla istifadəçi və böyük investisiya əldə edir. Əgər “Google” və ya başqa nəhəng bir şirkət onu almaq istəsə, nə edərdiniz? Satardınız, yoxsa böyütməyə davam edərdiniz?
Bu, təklifdən asılıdır (gülür). Amma düşünürəm ki, hələ yolun başlanğıcındayıq və çox işləmək lazımdır.
Beş ildən sonra Azər Əliyevi harada görürsən?
Dəqiq bilmirəm (gülür). Amma özümü sağlam, inamlı və xoşbəxt görürəm. Gələcəyə ümidlə baxıram, hər şey yaxşı olacaq!
Və sonda: sənin üçün “SpeakinPrivate” bir cümlə ilə nə deməkdir?
Ümid.
Paylaş