Yaşadığımız dünya simulyasiyadan ibarətdirmi?

21.12.2017 0 PAYLAŞIM 1027 OXUNMA

Bu gün dünyada ən çox danışılan mövzulardan biri də yaşadığımız dünyanın reallığının nə qədər mövcudluğudur. Son zamanlar Elon Musk'un bir çıxışı zamanı istifadə etdiyi "40 il əvvəl Pong oyunu var idi; iki xətt və bir nöqtədən ibarət oyun. 40 il sonra indi isə milyonlarla insanın eyni anda oynadığı fotoaparat reallığımda 3D oyunlar yaradılır. Belə getsə gələcəkdə reallıqla oyunları ayırd edə bilməyəcik. Bu məntiqi davam etdirsək yaşadığımız dünya simulyasiyadan başqa bir şey deyil, bizim reallıqda yaşamaq şansımız milyardda birdir." fikirləridən sonra dünya bu mövzu barədə daha çox düşünməyə başladı. Lakin faktiki olaraq dünyanın simulyasiya olma fikri Elon Musk'dan öncə də mövcud idi, amma indiki kimi populyarlıq qazanmamışdı.

Simulyasiya nədir?

Bu mövzuda fikirlər eramızdan əvvəl V əsrdən etibarən səsləndirilməyə başlanılıb. Hələ o dövrdə Parmenides "The Way of Truth" əsərində qeyd edir ki, fiziki dünyanın gündəlik reallığa baxışı yanlışdır; dünya dəyişməyən, yenilənməyən və yox edilə bilinməyən bir bütündür.
Simulyaziya teoremlərini anlamaq üçün əvvəlcə simulyasiya anlayışının nə olduğunu bilmək lazımdır. Simulyasiya latıncadan tərcümədə "edirmiş kimi görünmək, təqlid etmək, bənzəmək" anlamına gəlir. Yəni müasir günümüzdə də ifadə olunduğu kimi reallığın təqlid edilərək modelləşdirilməsidir.

Simulyasiya arqumentləri necə ortaya çıxdı?

İndi gələk simulyasiya arqumentlərinin necə formalaşmasına. Simulyasiya müzakirələrində səsləndirilən fikirlərdən biri əgər kainatda insan zəkasından üstün varlıqlar varsa, bizdən daha çox inkişaf etmiş texnologiyaları ilə niyə dünyanı ziyarət etmirlər? Buna elm insanları sadə izahla cavab verirlər: bəlkə də kainatda bizdən başqa sivilizasiyalar yoxdur və ya o qədər azdır ki, onlarla hələ də tanış ola bilməmişik. Bunun səbəbi Böyük Filtr ola bilər. Bəlkə də sivilizasiyaların ulduzlararası səyahətinə mane olan bir şey var. Ya da bəlkə də öz texnologiyaları ilə Matrixlər yaradıb içində yaşayırlar və bununla da uzaq planetləri kəşf edərək səyahətə ehtiyac duymurlar. Bəlkə də, özlərini nüvə silahları ilə məhv edirlər.

                     Fərziyyələrin yaradıcısı kimdir?

Elon Musk öz çıxışında simulyasiyada yaşayırıqsa buna sevinək deyir. Çünki bunun sayəsində bir Matrix inşa edib onun içində yaşamağın mümkün olduğunu qeyd edir. "Əgər bir sivilizasiya irəliləməyi dayandırsa, gözlənilməyən fəlakətlər bu sivilizasiyanı məhv edər, bu halda ya yeni simulyasiyalar yaratmaq lazım olacaq, ya da tamamilə məhv olacaq." Elon Muskun bu fikirlərinin banisi Oxford Universitetində transhumanist filosof olan Nick Bostromdur. Nick Bostrom özünün "Bir komyuter simulyasiyasındamı yaşayırsınız?" məqaləsi ilə məşhurdur. Yəni günümüzdə simulyasiya fərziyyələrinə səbəb olan şəxs odur. Nick Bostrom öz məqaləsində müxtəlif ehtimalları incələdikdən sonra yaşadığımız dünyanın simulyasiya olduğu nəticəsinə gəlir. 2001-ci ildə yayımladığı məqaləsində təbiət qanunlarının yazılmış kodlar ola biləcəyini irəli sürürdü. Bostrom qeyd edir ki, insan beyninin simulyasiyasını yaratsaq və kompyuterlərdə işə salsaq onda insan şüuruna malik simulyasiyalar əldə edə bilərik.

              Bu nə qədər doğrudur?

Bu, hər kəs tərəfindən qəbul edilən bir şey deyil. İnsan şüurunun nə olduğu günümüzdə hələ də detallı olaraq tam izah edilmir. Məşhur fiziklər Richard Feynman və Roger Penrose buna qarşı gələrək qeyd edirlər ki, günümüzdə mövcud olan kompyuterlər, onların gələcək nəvələri heç vaxt insan şüuruna sahib ola bilməzlər, çünki insan şüuru insan beynini tələb edir. Bu günkü kompyuterlər sadə Turing maşınlarıdır, yəni riyaziyyat simvollarına uyğun proseslər edir. Amma bu simvolların nə olduğunun fərqində deyillər. Məsələn, bu yazını kompyuterdə yazırıq, amma kompyuter nə yazdığımızı anlamır.
Əgər kainat simulyasiyadır desək, onda bizim də simulyasiya olduğumuzu qəbul etməliyik. Amma insan zehni və şüuru insan beynindən müstəqil ola bilməyəcəyi üçün simulyasiya ola bilmərik. İnsan zehni insan beynindən ayrıla bilməyəcəyi üçün heç bir super zəka insan beyni və şüurunu kodlaya bilməz. Penrose buna görə Nick Bostrom və Ray Kurzweilə qarşı çıxaraq deyir ki, insan beyni olmadan süni zəka yaratmaq mümkün deyil.
Amma bütüb bunlar Penrose'un yanıla bilməyəcəyi anlamına gəlmir. Bu günkü kompyuterlərin insan şüur və beynini kodlaya bilməməsi, simulyasiya edə bilməsi gələcək super kompyuterlərin də bunu edə bilməyəcəyi anlamına gəlmir. Əgər insan beyni orqanik beyində işləyirsə, komyuterlər bu beyni sintetik bioloji, kök hüceyrə müalicəsi və genetika mühəndisliyi ilə dizayn etməyə şərait yaradırsa, deməli süni zəka da yaratmaq mümkündür. Sadəcə insan beyninin kodlamasını bu süni beyinə yükləmək kifayət edir.

Əsas məsələ nədir?

Bostrom deyir ki, bir şeyin simulyasiyasını yaratmaq onun özünü yaratmaqdan asandır. Həmçinin simulyasiya arqumentinin təməlində fərqsizlik anlayışından da istifadə edir. Yəni bir yanaşmanın digərindən daha doğru olduğunu göstərən faktlar yoxdursa, deməli hər iki yanaşmanın da doğru olma ehtimalı eynidir. Bununla da kainatın simulyasiya olmadığı isbatlanana qədər simulyasiya olma ehtimalı artacaq və ya əksinə.

Bəs kainatı kim kodlayıb?

Bəzi yeni fikir və rəqəmsal fəlsəfəçilər kainatın bir simulyasiya və ya hologram olduğunu irəli sürür. Amma kodun kim və ya kimlər tərəfindən yazılmış olduğu tam izah olunmur. Bəzilərinə görə olduğumuz simulyasiya iç-içə keçmiş simulyasiyalardan biri ola bilər, bəziləri də iddia edir ki, olduğumuz kompyuterlər başqa kainatdadır. Simulyasiya olma ehtimalını gücləndirmək üçün də işıq sürətini və ya quantum mexanizması üçün önəmli dəyər olan Planck sabitini dəyişdirilə bilinməməsi göstərilir. Əslində isə işıq sürəti adlandırdığımız dəyər bizim dünyada mövcud olan zaman ölçüsünə görə limitləşdirdiyimiz qavramdır. Nəticədə kainat bir simulyasiyadırsa, kainatın yaranmasının fiziki səbəbi qalmır. Bu da ən təməl sualların cavabsız qalacağı anlamına gəlir.

Simulyasiya arqumentinin doğru olmadığı necə gizlədilir?

1688-ci ildə İngiltərədə baş verən burjuaziya inqilabı burjuaziya və elitalar arasında sinfi uzlaşmaya səbəb olur. Bununla siniflər arası güc dəyişimi bütün cəmiyyətə təsir edir və şüurlarda başqalaşmaya səbəb olur. George Berkeley də öz idealizmi ilə bu status kvonu qorumaq üçün "positivizm"i yaradır və şüurlarda bu sinfi ayrılmanın yayılmasına səbəb olur. Tarix təkərrürdən ibarətdir. 2001-ci ildə ortaya atılan simulyasiya arqumenti də o qədər incə detalla üzə çıxdı ki, Elon Musk kimi insanların da bunu düşünməsinə səbəb olur. Nick Bostromun məqaləsinə baxsaq görərik ki, bütün arqumentlər ehtimallar üzərindən təhlil edilir və nəzəriyyələr simulyasiya edilmiş beyinlər olaraq dəyərləndirilir. Amma hələki beyinin, şüurun və zəkanın təqlid edilməsinə dair fakt yoxdur. Tarixə baxsaq görərik ki, insanlar təbiət içində mövcud olan "bir şeylər"lə ətraflarında olanları açıqlayırlar. Bir növ ehtiyacdan doğan məqsədlərlə təbiəti tanıyırlar. Amma burada insanların etdiyi ən böyük səhv kainatı və ətraf mühiti doğru açıqladığını zənn etməsidir. Yəni insanlar var olan bir şey ilə onun mənbəsini sorğulayırlar. Simulyasiya arqumenti də məhz buna sübutdur. Simulyasiya nəzəriyyəsi tarixi inkişaf və təkamülü təkzib edir. Çünki texnologiya daha da inkişaf etdikdə və indiki texnologiyadan daha üstün bir şey kəşf olunduqda simulyasiya nəzəriyyəsi çökəcək və günün anlayışına uyğun fərziyyələr ortaya çıxacaq. Daha sadə desək, əgər simulyasiya oyunları olmasaydı, bu insanlar bu gün nədən danışacaqdı?
Simulyasiya arqumenti bir tərəfdəndən də "inancların" texnoloji formasıdır. "Hər şeyi yaradan Allahdır" ilə "Bütün kainat super zəkanın simulyasiyasıdır" arasında heç bir fərq yoxdur. Nick Bostrom öz ifadəsində manipulyasiya edərək şüurlarda düşüncəni dəyişir; simulyasiya olunma ehtimalının əksi sübut olunana qədər bu doğru olacaq. Bir digər səbəb isə elmdə mövcud olan yanlışlıq anlayışının bu fərziyyədə itməsidir. Nəzəriyyə deyir ki, olduğumuz simulyasiya başqa simulyasiya içində ola bilər və bununla fərziyyəyə qarşı əks arqument yeritmək, fərziyyə sahibinin dəqiq izahına qədər mümkün olmur. Elmin fəaliyyət proseslərindən biri də mövcud texnoloji üsulların alətlərini istifadə edərək yeni şeylər yaratmaqdır. Yəni elm var olan texnoloji üsulu əsas götürərək bir şeyi izah etmir. Buna görə ən təməl suallardan biri də budur ki, mövcud olan texnologiya ilə bütün maddi reallığın kökünü açıqlamaq nə qədər tutarlı və məntiqlidir?

Elm adamları nə deyir?

Oxford universitetinin bir qrup fizik alimi qeyd edir ki, həyat və reallıq sadəcə kainat xaricində olan super kompyuterlərlə simulyasiyalaşdırıla bilinməz. Ringel və Dmitry Kovrizhi göstərir ki, bu səviyyədə quantum fenomenlərinin mövcud olduğu kompyuter simulyasiyalarını metallarda yaratmaq həm praktiki, həm də prinsipcə mümkün deyil. Simulyasiyanın mürəkkəbliyi simulyasiya edilən obyektlərin sayına görə dəyişir. Əgər obyektlər linear olaraq ikiqat artırsa, deməli obyektlərin bu şəkildə artması kompyuterlərin də gücünün ikiqat artmasını tələb edir. Əgər hesablama gücü hər bir sadə obyektin əlavə edilməsi ilə ikiqat artırsa, onda proses mümkünsüz hala gəlir. Araşdırmaçıların hesablamalarına görə bir neçə yüz elektron haqqında məlumat saxlamaq üçün kainatda mövcud olan fiziki atomlardan daha çox fiziki yaddaş lazımdır. Nəticə etibarilə əgər kainat simulyasiya olsa, kənardan fizika qanunlarının tətbiq olunması üçün heç bir səbəb olmaz.