Yer ətrafında artan peyklər kosmik müşahidələri çətinləşdirir
Elm & Texnologiya
04.12.2025
Sevinc
Technote.az “The Verge" platformasına istinadən bildirir ki, Yer ətrafında sürətlə çoxalan peyklər Hubble başda olmaqla bir çox kosmik teleskopun çəkdiyi görüntülərə müdaxilə edir. NASA tədqiqatçılarının “Nature” jurnalında dərc olunan yeni araşdırmasına görə, peyk izlərinin yaratdığı işıq çirklənməsi növbəti on ildə Hubble-ın çəkdiyi şəkillərin təxminən 40 faizini, digər üç teleskopun isə 96 faizini korlaya bilər.
Bu, alimlərin potensial təhlükəli asteroidləri aşkarlaması və yeni planetlər kəşf etməsi üçün ciddi maneəyə çevrilir. Son illər ucuzlaşan buraxılış xərcləri və xüsusilə Starlink kimi telekommunikasiya peyk şəbəkələrinin genişlənməsi problemin miqyasını dramatik şəkildə artırıb.
- 2019-cu ildə Yer orbitində 5 min peyk var idi.
- Bu gün bu rəqəm 15 800-ü keçib.
- Mövcud planlar reallaşsa, qarşıdakı on il ərzində bu rəqəm 560 min peykə çata bilər.
Araşdırmanın baş müəllifi Alejandro Borlaff bildirir ki, peyklərin yaratdığı işıq izləri teleskopların həssaslığını aşağı salır. Tədqiqatçılar dörd müxtəlif teleskop üçün peyk sıxlığını simulyasiya ediblər. Nəticələr narahatedicidir:
- Hubble — hər görüntüdə orta hesabla 2.14 peyk izi.
- Çin Xuntian Kosmik Teleskopu — hər ekspozisiyada 92 peyk izi.
- James Webb kimi uzaq orbitdə yerləşən teleskoplar peyk işıq çirklənməsindən nisbətən qorunur.
Hubble-ın görüntülərinin zədələnməsi təkcə göz oxşayan kosmik şəkilləri pozmur. Peyklərin əks etdirdiyi günəş, ay və ya yer işığı, ulduzun parlaqlığındakı kiçik dəyişiklikləri də gizlədir. Bu isə alimlərin ekzoplanet aşkarlanmasında istifadə etdiyi ən mühüm metodlardan birini qeyri-mümkün edir. Peyklərin daha tünd rəngdə dizayn olunması da sınaqdan keçirilib, lakin bu da daha çox infraqırmızı şüa buraxmasına səbəb olub. Digər yanaşma isə teleskopların peyklərdən ən az təsirlənəcəyi vaxt və istiqamətlərdə çəkiliş etməsidir. Lakin peyklərin sayı artdıqca bu strategiya da effektivliyini itirir.
Borlaff hesab edir ki, şirkətlər və dövlətlər peyk şəbəkələrinin yerləşdirilməsini daha koordinasiyalı şəkildə planlamalıdır. Məsələn:
- peyklərin teleskoplardan daha alçaq orbitlərdə yerləşdirilməsi,
- müəyyən bölgələrin tənzimlənməsi,
- peyk buraxılışları üçün yeni beynəlxalq standartların hazırlanması.
Paylaş