
Yer kürəsinə yaxın ulduz ətrafında 4 yeni planet kəşf edilib
Elm & Texnologiya
12.03.2025
Emil
Yerə ən yaxın ulduz sistemi Alfa Sentavrdır. Lakin bu, üçlü ulduz sistemidir. Barnard ulduzu isə bizə ən yaxın tək ulduzdur. Uzun illər ərzində astronomlar bu kiçik ulduzun ətrafında planetlərin fırlandığından şübhələnirdilər, lakin bunun heç bir sübutu yox idi. İndi isə astronomlar bu ulduzun ətrafında Yerə bənzəyən dörd planetin mövcud olduğunu müəyyən ediblər. Əgər üçlü Alfa Sentavr sistemi bizdən 4.3 işıq ili uzaqlığında yerləşirsə, Barnard ulduzu təxminən 6 işıq ili məsafəsindədir. Bu, qırmızı cırtdan tipli bir ulduzdur və kütləsi Günəşdən təxminən 5 dəfə kiçikdir. Astronomlar Barnard ulduzunu 1916-cı ildə kəşf edildiyi andan etibarən aktiv şəkildə öyrənirlər, çünki bu bizə ən yaxın tək ulduzdur.

Hesab olunur ki, Barnard ulduzu təxminən 10 milyard ildir mövcuddur ki, bu da Günəşin yaşından iki dəfə çoxdur. Astronomlar uzun illərdir Barnard ulduzunun ətrafında planetlərin olduğunu ehtimal edirdilər, lakin bunu təsdiqləmək üçün lazımi avadanlıq mövcud deyildi. İndi isə alimlər Gemini North və VLT teleskoplarına quraşdırılmış yüksək həssas cihazlardan istifadə edərək Barnard ulduzu və onun ətrafını yenidən müşahidə ediblər. Nəticədə dörd yeni planet kəşf edilib. Bu planetlər qaz nəhəngləri deyil, qayalıq quruluşa malikdir və Yer kimi bərk səthə sahibdirlər. Lakin onların ölçüsü Yer kürəsinin cəmi 20-30%-i qədərdir və Barnard ulduzuna o qədər yaxındırlar ki, orbitlərini cəmi bir neçə Yer günü ərzində tamamlayırlar.

Alimlərin fikrincə, bu planetlərdə temperatur həddindən artıq yüksəkdir, buna görə də həyat üçün yararlı olmaları mümkün deyil. Bu kəşf çox vacib hesab olunur, çünki astronomlar əsasən Yerdən daha böyük planetlər aşkar edirlər, lakin bu cür kiçik planetlərin tapılması olduqca nadir haldır. Astronomlar bu planetləri birbaşa müşahidə etməyiblər, lakin onların mövcudluğunu Barnard ulduzuna göstərdikləri qravitasiya təsiri sayəsində müəyyən ediblər. Bu təsir ulduzun şüalanmasını dəyişdirir və işığın analizi planetlərin sayını və ölçülərini təyin etməyə kömək edib. Lakin alimlər hələlik bu yeni planetlərin dəqiq kimyəvi tərkibini müəyyən edə bilmirlər. Bunun üçün əlavə müşahidələrə ehtiyac var.
Mənbə: Earth.com
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
