
Yer kürəsinin əhalisi düşünüldüyündən bir neçə milyard daha çox ola bilər
Elm & Texnologiya
26.03.2025
Emil
BMT-nin məlumatına görə, dünya əhalisi 8.2 milyard nəfər təşkil edir və bu rəqəm 2080-ci illərin ortalarında 10.3 milyard nəfərlə zirvəyə çatacaq. Lakin bu yalnız təxmini qiymətləndirmədir, çünki dünyadakı bütün insanları dəqiq saymaq mümkün deyil. Bəzi ölkələrdə əhalinin siyahıyaalınması dəqiq aparılır, digərlərində isə böyük boşluqlarla. Məsələn, dünyada 850 milyon insanın ümumiyyətlə heç bir sənədi yoxdur. Bəs planetdə əslində nə qədər insan yaşayır? Dəqiq cavab yoxdur, amma yeni bir araşdırma göstərir ki, kənd yerlərində yaşayan əhalini 50-80% az qiymətləndirə bilərik.

Başqa sözlə, planetdə əslində qəbul ediləndən bir neçə milyard nəfər artıq insan yaşaya bilər. Aalto Universitetindən (Finlandiya) olan tədqiqatçılar qlobal əhali qiymətləndirmələrini sorğulamağı planlaşdırmamışdılar. Onların məqsədi bəndlərin tikintisi səbəbilə nə qədər insanın köçürüldüyünü öyrənmək idi. Onlar Çin, Braziliya, Avstraliya və Polşa da daxil olmaqla 35 ölkədə 307 layihəni təhlil ediblər. Bu bəndlər 1980-2010-cu illər arasında tikilib və minlərlə yerli sakinin köçürülməsini tələb edib. Lakin tədqiqatçılar köçürülənlərin sayını dəqiq hesablamaq istəyəndə ciddi uyğunsuzluqlar aşkar ediblər.
Alimlər tikinti başlamazdan əvvəl kənd əhalisinin sayını qiymətləndirib və bu məlumatı həmin əraziləri tor kimi bölən 5 əsas məlumat bazası ilə müqayisə ediblər. Nəticədə məlum olub ki, bu məlumat bazaları kənd yerlərində əhalinin sayını orta hesabla 53%, bəzi hallarda isə 84% az göstərir. Bu o deməkdir ki, hətta ən yaxşı məlumat bazaları belə kənd yerlərində yaşayan insanların yalnız yarısını nəzərə alır. Əhali haqqında məlumat bazaları çox vaxt sıx yaşayışlı və məlumatlara çıxışın asan olduğu şəhərlərə əsaslanır. Lakin kənd yerlərində xəritələşdirmə daha çətindir və məlumatlar tez-tez natamam olur.

Uzaq bölgələrdə siyahıyaalma işçiləri bütün ev təsərrüfatlarını əhatə etməkdə çətinlik çəkirlər, münaqişə və ya yoxsulluq bölgələrindəki icmalar isə ümumiyyətlə nəzərdən qaça bilər. Əhalini hesablamaq üçün peyk müşahidələrindən də istifadə olunur. Sıx tikili və parlaq işıqlarla seçilən şəhərləri kosmosdan görmək asandır, amma ağacların arxasında gizlənmiş və ya pərakəndə tikililərdən ibarət kəndlər demək olar ki, görünməz qalır. BMT-nin 2020-ci il məlumatına görə, planetdə kənd əhalisinin payı 43% və ya təxminən 3.5 milyard nəfər təşkil edirdi. Əgər bu göstərici 50% az qiymətləndirilirsə, o zaman bu qrupun əslində 5.25 milyard nəfər olduğu ortaya çıxır.
Əgər 80% az qiymətləndirmə varsa, bu halda rəqəm 6.34 milyarda çatır. Əhalinin sayının az göstərilməsi ciddi nəticələrə səbəb ola bilər. Hökumətlər və təşkilatlar bu məlumatlardan infrastruktur planlaşdırması, resursların bölüşdürülməsi və fəlakətlərə reaksiya üçün istifadə edirlər. Səhvlər kənd yerlərində təcili yardım xidmətlərinin çatışmazlığına və ya insanların tibbi yardıma çıxışsız qalmasına gətirib çıxara bilər. Bəs bu o deməkdir ki, BMT-nin məlumatlarından fərqli olaraq, real əhali sayı milyardlarla daha çoxdur?

Finlandiyalı tədqiqatçılar bu barədə qlobal nəticələr çıxarmaqdan çəkiniblər, çünki məqalənin müəyyən məhdudiyyətləri var. Belə ki, məlumatların böyük hissəsi Çin və Asiya ölkələrindən götürülüb, bu regionlarda əhalinin sayının az göstərilməsi uzunmüddətli problemdir və bu, Finlandiya və Avstraliya kimi etibarlı qeydiyyat sistemlərinə malik ölkələrə aid olmaya bilər. Əgər az göstərilmə həqiqətən bu qədər genişmiqyaslı olsaydı, hökumətlər bunu enerji istehlakı, ərzaq istehsalı və ya hətta mobil telefon istifadəsi kimi başqa göstəricilər üzrə hiss edərdilər. Finlandiyalı alimlər növbəti analizlərinə daha yeni məlumatları da daxil etməyi planlaşdırırlar, çünki mövcud araşdırma yalnız 2010-cu ilə qədər olan dövrü əhatə edir.
Mənbə: Zmescience
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Yeni teleskop Proksima Sentavr-da həyatın olub-olmadığını 10 saata təyin edə biləcək
Çilinin şimalında inşa edilən son dərəcə böyük teleskop, istənilən digər teleskopla müqayisədə 10 qat daha çox işıq toplaya biləcək və Hubble kosmik teleskopundan 16 dəfə daha dəqiq görüntülər əldə edəcək.

Elm & Texnologiya
Alimlər internetin kütləsini ölçməyə çalışıblar
Fiziklər belə bir suala cavab tapmağa çalışıblar. İnternetin çəkisi ola bilərmi? Serverlərin enerjisindən tutmuş, məlumatların DNT-də saxlanması kimi futuristik ideyalara qədər müxtəlif yanaşmalardan istifadə edərək, alimlər ehtimal ediblər ki, internetin kütləsi mikroskopik bir qram hissəsindən tutmuş, hətta bir avtomobildən də ağır ola bilər.

Elm & Texnologiya
Marsda qədim bioloji həyata işarə edən molekullar aşkar edilib
Marsda ilk dəfə ən iri karbon molekulları aşkarlanıb. Bu, böyük ehtimalla planetdə qədim həyatın izləri ola bilər. Alimlər planetimizdəki laboratoriyada Mars şəraitini imitasiya edərək oxşar kimyəvi prosesləri yenidən qurublar və bənzər nəticə əldə ediblər.

Elm & Texnologiya
Alimlər Dayson sferasının inşası mümkünlüyünü hesablayıblar
Günəşin ətrafında yerləşəcək və ulduzun enerjisini bəşəriyyətin ehtiyacları üçün toplayacaq hipotetik Dayson sferası bir gün reallığa çevrilə bilər. Bu gün belə bir layihə fantastik görünür. Lakin enerji heç vaxt artıq olmur - Yer sivilizasiyası artıq bu dərsi öyrənib və yeni enerji mənbələrinə çıxış axtarmağa davam edəcək.

Elm & Texnologiya
Məlum olan ən qədim qalaktikada böyük miqdarda oksigen kəşf edilib
Son illərin müşahidələri astronomları tez-tez çıxılmaz vəziyyətə salır və erkən kainatın təkamülü ilə bağlı anlayışların səhv olduğunu sübut edir. Böyük partlayışdan sonrakı ilk bir milyard il ərzində ulduzlar və qalaktikalar gözlənilmədən sürətlə inkişaf ediblər - bu isə mövcud kosmoloji modellərlə izah edilə bilmir.
Ən çox oxunanlar

POCO F7 Pro və F7 Ultra flaqman smartfonları təqdim edilib - QİYMƏTİ
