Yupiterin İo adlı peykində Günəş sisteminin ən güclü vulkan püskürməsi müşahidə edilib
Elm & Texnologiya
30.01.2025
Emil
Technote.az NASA-ya istinadən xəbər verir ki, kosmik agentliyin Juno adlı kosmik aparatı Yupiterin peyklərindən biri olan İo-nun yaxınlığından növbəti uçuş zamanı peykin cənub qütbü ərazisində irimiqyaslı vulkan püskürməsini qeydə alıb. Məlumata əsasən vulkan püskürməsinin sahəsi 100 000 kvadrat kilometr təşkil edib. Bir-birinə yaxın məsafədə yerləşən krater maqmanı Yer kürəsindəki bütün elektrik stansiyalarının ümumi enerji gücündən 6 dəfə daha böyük enerji gücü ilə səthə püskürüb. Qeyd etmək lazımdır ki, Juno aparatı bu hadisəni keçən ilin 27 dekabr tarixində İo peykinin yaxınlığından keçərkən qeydə alıb. Dekabr ayında sözügedən kosmik aparat peykin cənub qütbü üzərindən 74 400 km məsafədə keçmişdi. Kosmik aparat tərəfindən qeydə alınmış hadisə öz növbəsində alimləri heyrətə gətirib. Belə ki, onlar qütbdən sağ tərəfdə əsl “od dənizi”ni müşahidə ediblər. Daha sonra alimlər təyin ediblər ki, güclü şüalanma səbəbilə kosmik aparatın infraqırmızı kamerasının sensorları görmə qabiliyyətini qismən itiriblər. Qeyd etmək lazımdır, İo peyki Günəş sistemində ən böyük vulkanik aktivliyə sahib kosmik obyektdir. Onun səthində eyni anda yüzlərlə aktiv vulkan mövcuddur. Daha öncə peykin səthinə ən miqyaslı maqma püskürməsi 20 000 kvadrat kilometr sahəni əhatə etmişdi.
Yeni hadisə isə əvvəlki rekordu kölgədə qoyub və Günəş sistemində indiyədək müşahidə edilmiş ən güclü vulkan püskürməsi statusunu əldə edib. Juno kosmik aparatı İo-da baş vermiş bu hadisənin ərazisi üzərindən təkrar olaraq 3 mart tarixində keçəcək. Bu keçid zamanı kosmik aparat vulkan püskürməsinin və ya ondan sonrakı vəziyyətin fotolarını çəkməyə çalışacaq. Ola bilsin ki, Yer kürəsindən də bu peyk üzərində müşahidələr aparılsın. Belə ki, baş vermiş vulkan püskürməsi gözləntilərin çərçivəsindən kənara çıxmış bir hadisədir və onun diqqətli şəkildə analizində fayda var.