Logo
    main-post-cover

    Yupiterin peyki Avropanın səthaltı okeanının müşahidəsi missiyasına yaxın zamanda start veriləcək

    Elm & Texnologiya
    15.10.2024
    Emil
         NASA yaxın həftələr ərzində Yupiterin peyklərindən biri olan Avropanın müşahidəsi üçün nəzərdə tutulmuş Europa Clipper adlı missiyaya start verəcək. Son araşdırmalara əsasən adı çəkilmiş bu peykin səthinin alt hissəsində nəhəng okean mövcuddur. Həmin okeanda isə bioloji həyat növünün mövcudluğu istisna deyil. Europa Clipper missiyası öz növbəsində Avropanın səthaltı okeanının incələnməsinə və orda potensial bioloji həyat növünün olub-olmamasının təyininə istiqamətlənib. Europa Clipper, NASA tərəfindən planetlərin incələnməsi üçün hazırlanmış ən böyük kosmik aparat olacaq. 6000 kq çəkiyə sahib bu aparatın ölçüsü günəş panelləri ilə birlikdə basketbol meydançasının ölçüsünə bərabərdir.
         Europa Clipper missiyasının əsas hədəfi Avropa peykinin səthinin və səthaltı okeanının incələnməsidir. Sözügedən kosmik aparat 9 ədəd elmi təchizatı özündə birləşdirir. Onların arasında kameralar, spektrometrlər və termal görüntü təchizatları var. Bütün bunlar peykin səthinin geoloji aktivliyinin, kimyəvi tərkibinin və temperaturunun müşahidə edilməsinə imkan verəcəklər. Əsas diqqət isə potensial bioloji həyat növünün mövcud ola biləcəyi mümkün sahələrin axtarışı olacaq. Belə ki, Avropa peykinin səthaltı böyük okeana sahib olduğu düşünülür. Bu missiya həmçinin həmin okeanın nə dərəcədə dərin olduğunu və hansı səviyyədə duzluluğa sahib olduğunu təyin edəcək. Gözləntilərə əsasən aparat Yupiterin peykinə missiyaya start veriləndən 5 il sonra çatacaq.
    Paylaş