main-post-cover

    1 milyon dollardan imtina edən alim kimdir?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    1 milyon dollardan imtina edən alim kimdir?

    Qriqori Perelman 1966-ci ildə Leninqradda yəhudi ailəsində doğulmuşdur. Onun atası Yakop mühəndis-mexanik idi,1993-cü ildə İsrailə miqrasiya etmişdir. Anası Lubov Leybovna Sank-Peterburqda qalıb riyaziyyat müəllimi işləmişdir. Alimin anası skripka ifa edə bildiyindən, məhz o gələcək riyaziyyatçıda klassik musiqiyə həvəs oyatmışdır. Perelman Sank-Peterburq 239 saylı fizika-riyaziyyat təmayüllü məktəbi bitirmişdi. 1982-ci ildə Budapeştdə keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında sovet məktəblilərinin komandasının tərkibində iştirak edən Perelman bütün məsələləri tam həll edərək qızıl medal qazanmışdır. Bu nailiyyətindən sonra  O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olmuşdur. Fakültə, şəhər və ümumtələbə olimpiadalarının qalibi olmuşdur. Bütün illəri əla qiymətlərlə qutarmışdı. 1990-ci ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra institutda qalıb baş elmi işçi kimi çalışmışdır. 1996-ci ildə Avropa Riyaziyyat Cəmiyyəti tərəfindən gənc riyaziyyatçılar üçün nəzərdə tutulumuş təqaüdə layiq görülmüş, lakin bundan imtina etmişdir. 2006-cı ildə Qriqori Perelmana Puankare hipotezini həll etdiyinə görə Filds medalı  ilə təltif edimiş,lakin o bu mükafatdan da imtina etmişdir. 2006-cı ildə Science jurnalı Puankare teoreminin isbatını "ilin nailiyyəti” ("Breakthrough of the year”) adlandırmışdı . Bu riyaziyyat sahəsində bu ada layiq görülmüş ilk işdi. 

    2007-ci ildə Britaniyanın The Daily Telegraph qəzeti "Hazırda yaşayan 100 ən ağıllı insan" siyahısını dərc etmişdir. Qriqori Perelman siyahıda 9-cu yer tutur
     
     
    İndi isə gələk əsas məsələyə.
     Perelman 2000-ci illərin əvvəlində, 100 ildir heç bir riyaziyyatçının həll edə bilmədiyi Puankare teoremini həll etdiyini iddia etmişdi. Məsələnin həlli 100 səhifədən çox idi və bu həlli, dünyada hal hazırda fəaliyyət göstərən çox az peşəkar riyaziyyatçı başa düşə bilmək iqtidarında idi. Lakin 2 illik yoxlamadan sonra Perelmanın təklif etdiyi həllin tamamilə doğru olduğu hamı tərəfindən təsdiqləndi. Bundan sonra Qriqori Perelman, riyaziyyatçılar üçün Nobel mükafatına ekvivalent olan Fields medalına layiq görüldü . Eləcə də , Amerikada fəaliyyət göstərən Kley Riyaziyyat İnstitutu, Perelmana Puankare teoremini həll etdiyinə görə 1 milyon dollarlıq hədiyyə təklif etdi. Lakin Perelman nə İspan kralı tərəfindən ona şəxsən təqdim olunacaq Fildz medalını qəbul etməyə gəldi, nə də Kley İnstitutunun 1 milyon dollarını almağa razılıq verdi. Rus riyaziyyatçısının bu davranışı bir neçə həftə bütün dünya və eləcə də Rusiya mediasında çox geniş yayımlandı. Hamını bir sual düşündürürdü: necə ola bilər ki, bu dünyada milyonçu olmaq istəməyən insan olsun?


    Yəhudi familiyalı Perelman öz nəticələri və onun qabağa getməsini çox istəyən bir neçə müəllimin köməyi ilə axırda LDU-ya qəbul edilmişdi.
    Bu nöqtədə riyaziyyatçılar adətən iki istiqamətdən birini seçirlər: Cəbr və ya Həndəsə istiqaməti.Perelman Həndəsə yolunu seçdi və o zamankı çox məhşur rus alimlərdən dərs aldı. Ümümiyyətlə o zamanlar SSRİ-də riyaziyyat ənənələri çox güclü idi və belə baxanda Perelman bu məktəbin bir məhsulu idi. O alimlər, o riyazi məktəb, o riyazi mədəniyyət olmasaydı, Perelman kimi alim yetişə bilməzdi. SSRI dağılan vaxtlarda Perelman ABŞ-a gedib orada karyera qurmağa çalışır. Amerikada da Perelamanın həll etdiyi Puankare teoremi ilə məşğul olan alimlər var idi. Onlardan məsələnin həllində ən qabağa gedənlərdən biri də Riçard Hamilton idi. Perelman Hamiltonun mülahizələrinə getmişdi və onunla bu mövzuda söhbətlər etmişdi. Hamilton Puankare teoremi barədə bildikləri hər şeyi , əldə etdiyi bütün yarımçıq nəticələri Perelmana izah etmişdi. Perelman məsələ haqqında çox düşünmüşdü və uzun bir zamandan sonra məslələnin həll edilməsi üçün bir ipucu tapmışdı. Bu barədə Hamiltona email yazan Perelman, Hamiltondan heç bir cavab almamışdı. Milyon dollarlıq Puankare teoremini həll edə biləcəyinə inamı artan Perelman Amerikadakı bütün iş-gücünü qoyub Rusiyaya, doğma şəhəri Sankt Peterburqa geri qayıtdı.
    Sankt Peterburqda anası ilə yaşayan Perelman bütün dünyəvi işlərdən imtina edib yalnız Puankarenin məsələsi haqqında düşünürdü. Hətta rəsmi qeydiyyatdan keçdiyi, ayda 200- 300 manat maaş aldığı məhşur Steklov İnstitutuna da gedib gəlmirdi. ABŞda qənaət etdiyi pullar ilə dolanırdı.Anasından başqa çox az adamla ünsiyyəti qoruyub saxlamışdı.Deyilənə görə evdən yalnız supermarketə və ya operaya getmək üçün çıxırdı.
    Və nəhayət, o məsələni həll etmişdi və hissələr ilə onu internetdə dərc etmişdi. Bunun özü çox qəribə idi, çünki belə vacib teoremləri həll edən riyaziyyatçılar, adətən həlli məşhur bir jurnala yoxlanılıb dərc olunması üçün göndərirlər. Perelman isə öz həllini hamının görə biləcəyi bir sayta (arxiv.org) yerləşdirmişdi. Puankare teoremini həll etdiyini əvvəllər bir çox başqa riyaziyyatçı da elan etmişdi və bütün bu həllər səhv çıxmışdı. Perelman isə hörməti olan , ciddi bir riyaziyyatçı idi və onun Puankare məsələni həll etməsi xəbəri bütün dünyada ildırım sürətilə yayıldı. Alimlərin ilkin rəyi həllin doğru olduğunu bildirdi və öz həlli barədə danışmaq üçün Amerikaya dəvət olunan Perelman ikinci dəfə Amerikaya yollandı. O bir çox məşhur universitetlərə  gedib öz həllini izah edirdi və onun məsələni doğru həll etdiyinə getdikcə daha çox riyaziyyatçı inanırdı. Hətta mülahizələrin birinə Hamilton özü də gəlir və Perelmana qulaq asandan sonra heç nə demədən zalı tərk edir. Görünür o da Perelmanın qələbəsini qəbul etmişdi.
    Perelman öz həlli barədə hamıya izah verdiyi bir vaxtda Çinin məşhur riyaziyyatçılarından biri öz tələbələri ilə bir məqalə dərc edib Puankare teoremini Perelmanın yox onların, yəni Çin komandasının həll etdiyini iddia etmişdi. Çinlilər Perelmanın həllində qaranlıq yerlərin olduğunu bildirib Perelmanın həllinin tam olmadığını bildirmişdilər. Əlbəttə bu bir yalan idi və  bu xəbəri eşidən Perelman çox hirslənib sarsılmışdı. Dünya riyaziyyat cəmiyyətinin çox üzvü Çinli alimin iddialarını rədd etdi və məsələnin həllinin tamamilə Perelmanın əməyi olduğunu təkrar etdi. Və nəhayət bütün dünyada məhşur olan Perelmana Fildz medalı və 1 milyon dollarlıq mükafat təklif olundu.Lakin Perelman  bunların hamısını rədd etdi. Bir çox insan bu qərara əsas səbəb kimi,  Çinli riyaziyyatçının elədiklərini və onun etdiklərinə görə kifayət qədər tənqid olunmadığını görürdü.
     Bəziləri isə Sovet riyaziyyat məktəbinin davamçısı olan Perelmanın riyaziyyatla pul üçün deyil məhz bu elmə doğan marağından məşğul olduğunu iddia edirdi. Kəskin nəzarət rejimi olan SSRİ-də riyaziyyat bir çoxu üçün həqiqətlərdən yeganə qaçış yolu idi və gerçək həyatdan fərqli olaraq riyaziyyatda insanlar hər şeyi öz nəzarətlərində saxlaya bilirdilər. Bəziləri isə Perlemanın bu mükafatı qəbul etməməsində Hamiltonu günahkar görürlər. Çünki bu mükafata layiq görülən Perelman Hamiltona Rusiyadan zəng edib onu bölüşməyi təklif etmişdi, Hamilton isə Perelmanın zənglərini qəbul etmirdi. Sonralar Qriqori Perelman deyirdi ki,  "məni var-dövlət və şan-şöhrət maraqlandırmır, mən zooparkdakı heyvanlar kimi ekranlarda görünmək istəmirəm”.Perelman özü isə bütün bu mükafatları niyə almadığı barədə indiyədək susur və hələ də heç bir telefon və ya qapı zənginə  cavab vermir. Ona ABŞ-ın nüfuzlu universitetlərindən iş təklifləri edilsə də, o, bütün təkliflərə rədd cavabı verib.
    Deyilənə görə belə bir teoremi isbat etdikdən sonra o, ümumiyyətlə riyaziyyatı və riyaziyyat cəmiyyətini tərk edib və özünə qapanıb və öz elmi işləri ilə məşğuldur.
     
    Linki kopyala