Logo
    main-post-cover

    Avropa Komissiyası Shein-ə qarşı araşdırma başladıb

    Digər
    17.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Avropa Komissiyası Shein-ə qarşı rəsmi araşdırma başladıb. Araşdırma çərçivəsində şirkətin qanunsuz məhsullar satması, o cümlədən ciddi hüquq pozuntusu sayılan məzmunların platformada yer alması, eləcə də istifadəçiləri tətbiqə bağlayan “asılılıq yaradan dizayn” elementlərindən istifadə edib-etməməsi yoxlanılacaq.
        İstintaq Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (Digital Services Act – DSA) çərçivəsində aparılır. Komissiya xüsusilə Shein-in istifadəçi aktivliyini necə artırdığını araşdıracaq. Şirkətin tətbiqdə tətbiq etdiyi xal və mükafat sistemi, endirim mexanizmləri və digər təşviqedici alətlər diqqət mərkəzindədir. Tənzimləyicilər hesab edir ki, bu cür mexanizmlər istifadəçilərdə alış-veriş asılılığı yarada bilər. Bundan əlavə, Shein-in məhsulları istifadəçilərə hansı prinsiplərlə tövsiyə etdiyi də araşdırılacaq. Avropa Komissiyası şirkətdən alqoritmik tövsiyə sisteminin necə işlədiyini açıqlamağı tələb edəcək. Qanunvericiliyə görə, platformalar istifadəçilərə profil əsaslı olmayan alternativ sistem də təqdim etməlidirlər.
        Shein son illərdə əmək hüquqları, xammalın mənşəyi, məlumatların qorunması və müəllif hüquqları ilə bağlı da müxtəlif ittihamlarla üzləşib. Ötən il ABŞ-nin Texas ştatının Baş prokurorluğu da şirkətin təhlükəsizlik və əmək praktikaları ilə bağlı araşdırmaya başlamışdı. İddialara görə, bəzi məhsullar məcburi əməyin nəticəsi ola və ya təhlükəli materiallar ehtiva edə bilər.
        Qeyd edək ki, Avropa Komissiyası ötən il Temu platformasını da oxşar araşdırma nəticəsində DSA qaydalarını pozmaqda günahkar bilmişdi. Son aylarda isə TikTok və X platformalarının alqoritm sistemləri də Brüsselin diqqət mərkəzindədir. Xüsusilə “asılılıq yaradan dizayn” anlayışı Avropa tənzimləyicilərinin prioritet istiqamətlərindən birinə çevrilib.
    Paylaş