Logo
    main-post-cover

    “Cannes Lions 2025" festivalı ikinci günündə də ilhamlandırmağa davam etdi!

    Digər
    18.06.2025
    Sabina
    “Cannes Lions 2025”dən məzmun yayımları “Azercell”in eksklüziv tərəfdaşlığı ilə həyata keçirilir.
    Yaradıcılığı və sənətkarlığı dəyərləndirən “Cannes Lions Beynəlxalq Yaradıcılıq Festivalı” ikinci mükafatlandırma mərasimində “Entertainment” və “Craft” sahələrinə aid 8 kateqoriya üzrə qalibləri açıqladı. Bu gecə Avstraliya, Braziliya, Puerto-Riko, Cənubi Koreya və ABŞ öz qran-priləri ilə ön plana çıxdılar. Bəzi işlər isə bir neçə kateqoriyada qalib olaraq festival tarixində iz buraxmağı bacardı.
    Entertainment Lions
    Bu kateqoriyada 735 layihə arasında sadəcə 22 mükafat təqdim olundu (5 qızıl, 7 gümüş, 9 bürünc). Qran-pri isə “Hyundai Motor Company” üçün hazırlanan “Night Fishing” adlı qısa filmə təqdim olundu. “INNOCEAN Seoul” tərəfindən çəkilən bu film yalnız 7 avtomobil kamerası ilə lentə alınıb və “Hyundai”ın elektrik avtomobil brendi olan “IONIQ” üçün MZ nəsli (“Gen Z” və “millennials”) ilə emosional bağ yaratmağı hədəfləyib. Bu mükafatla Cənubi Koreya tarixində ilk dəfə “Entertainment Lions” üzrə qran-pri qazandı. 
    Entertainment Lions for Gaming
    Bu kateqoriyada isə 327 müraciətdən 11 layihə “Şir” qazandı. Qran-pri isə “Mercado Livre” üçün hazırlanan “Call of Discounts” kampaniyasına verildi. “GUT São Paulo” tərəfindən həyata keçirilən bu layihə canlı yayımda futbol ulduzu Neymar Jr. sayəsində oyunçularla real zamanlı endirimli alış-veriş təcrübəsi yaşadıb. Qeyd edək ki, bu, Braziliyanın bu kateqoriyada qazandığı ilk qran-prisi oldu.
    Entertainment Lions for Music
    Buradan isə 469 müraciət arasından 16 işə “Şir” təqdim olundu. Qran-pri isə Bad Bunny və onun yeni albomu üçün hazırlanan “Tracking Bad Bunny” kampaniyasına verildi. Nəzərinizə çatdıraq ki, “DDB Latina” tərəfindən ərsəyə gətirilən bu layihə ilə Puerto-Riko ilk dəfə musiqi kateqoriyasında qran-pri qazandı.
    Entertainment Lions for Sport
    Kateqoriyadakı 766 layihə içindən 26-sı “Şir” qazandı. Qran-priClash of Clans” oyunu üçün hazırlanmış “Haaland: Payback Time” kampaniyasına verildi. “DAVID New York” tərəfindən hazırlanan layihədə Erling Haaland mobil oyunun ilk oyunçu xarakteri kimi təqdim olundu və həm fanları, həm də tənqidçiləri oyuna cəlb etdi.
    Design Lions
    Bu kateqoriyada isə 1087 layihə arasından 33-nə “Şir” təqdim edildi. Qran-priFCB Chicago” tərəfindən hazırlanan “Caption with Intention” adlı layihəyə verildi. Layihə alt yazıları dizayn elementinə çevirərək onların sadəcə informasiya deyil, emosional və estetik daşıyıcı rolunu önə çıxarıb. Qeyd edək ki, bu yanaşma artıq “Oskar” müraciət qaydalarına da əlavə edilib.
    Digital Craft Lions
    Ümumilikdə, 554 layihə qəbul edilən bu kateqoriyada 17 “Şir” təqdim olundu. Qran-pri isə yenidən “Caption with Intention” layihəsinə verildi. Beləliklə, bu iş həm “Design”, həm də “Digital Craft” kateqoriyalarında qran-pri qazanaraq festivalın ən çox mükafat alan kampaniyalarından birinə çevrildi.
    Film Craft Lions
    Burada isə 1459 layihə arasında 49 mükafat təqdim olundu. Qran-priTelstra” üçün hazırlanan “Better on a Better Network” adlı kampaniyaya verildi. “Bear Meets Eagle On Fire (Sydney)” tərəfindən hazırlanmış bu “stop-motion” film seriyası Avstraliyanın uzaq bölgələrindəki real insanların hekayələrini animasiya ilə təqdim edib. Bu mükafatla isə Avstraliya ilk dəfə "Film Craft" üzrə qran-pri qazandı.
    Industry Craft Lions
    Bu kateqoriyada 779 müraciət arasından cəmi 22-si “Şir” qazandı. Qran-pri isə “Nigrum Corpus” adlı layihəyə təqdim olundu. “IDOMED” üçün “Artplan São Paulo” tərəfindən hazırlanan bu işdə rasizmlə bağlı təhsildə bərabərsizliyə diqqət çəkilib.
    “Kann Beynəlxalq Yaradıcılıq Festivalı”nın növbəti günləri haqqında məlumat almaq üçün bizi izləməyə davam edin.
    Paylaş