Logo
    main-post-cover

    Google geri düyməsini bloklayan saytlara qarşı mübarizəyə başlayır

    Digər
    14.04.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google istifadəçilərin internetdə ən çox şikayət etdiyi problemlərdən birinə qarşı yeni addım atıb. Şirkət bundan sonra brauzerin “geri” düyməsinin normal işləməsinə mane olan saytları cəzalandıracağını açıqlayıb.
    How Google Works | HowStuffWorks
        Söhbət bəzi saytların tətbiq etdiyi “back button hijacking” adlanan üsuldan gedir. Bu metod zamanı istifadəçi bir saytı tərk etmək üçün brauzerdə geri düyməsinə kliklədikdə əvvəlki səhifəyə qayıtmaq əvəzinə qarşısına əlavə reklam səhifələri, yönləndirmələr və ya “buradan çıxmazdan əvvəl buna da baxın” tipli məzmunlar çıxır. Nəticədə istifadəçi istəmədiyi halda saytda daha uzun müddət qalmağa məcbur edilir.
        Google bildirib ki, bu davranış artıq şirkətin spam və zərərli təcrübələr siyasətinin açıq şəkildə pozulması kimi qiymətləndiriləcək. Yəni bu üsuldan istifadə edən saytlar Google axtarış nəticələrində aşağı salına və spam kimi işarələnə bilərlər. Google Search Quality komandasının nümayəndəsi Chris Nelson məsələ ilə bağlı qeyd edib ki, belə üsullar istifadəçinin brauzer funksionallığını pozur, gözlənilən istifadəçi təcrübəsini məhv edir və insanlarda manipulyasiya hissi yaradır. Şirkətin sözlərinə görə, son dövrlərdə bu tip manipulyativ davranışlardan istifadə edən saytların sayı artdığı üçün yeni qaydaların tətbiqinə qərar verilib.
        Google sayt sahiblərinə və developerlərə iyunun 15-dək vaxt verib. Həmin tarixdən etibarən brauzer tarixçəsinə müdaxilə edən və istifadəçinin rahat şəkildə səhifədən çıxmasına mane olan platformalara qarşı rəsmi tədbirlər görüləcək.
    Paylaş