
Android 14-ün stabil versiyası anons edilib
Əməliyyat sistemləri
05.10.2023
Emil
Dünən Google şirkəti Pixel 8 smartfon seriyasını təqdim edən zaman Android 14 əməliyyat sisteminin stabil versiyasının istifadəyə verildiyini elan etdi. Şirkət yeni Android versiyasında hansı dəyişikliklərin olduğunu və ilk olaraq hansı cihazlarda istifadəyə veriləcəyini açıqlayıb. Beləliklə Android 14-də sistemin xarici görünüşünün fərdiləşdirilməsi üçün nəzərdə tutulmuş daha çox imkan istifadəyə verilib. Bu dəfə bu mövzuda əsas diqqət cihazın bloklanmış ekranına ayrılıb.
İstifadəçi Android 14 çərçivəsində öz cihazının bloklanmış ekranında divar kağızlarının, zamanın və digər məlumatların necə əks olunacaqlarını ayarlaya biləcək. Bununla yanaşı istifadəçi bloklanmış ekranda sürətli keçid ikonlarını dəyişə biləcək. Ultra HDR dəstəyi sayəsində istifadəçilər bundan sonra öz cihazlarının ekranlarındakı təsvirlərin qaranlıq və açıq sahələrində çoxlu detallara sahib daha parlaq rəngləri görə biləcəklər.
Google həmçinin Android 14-də tətbiqlərin istifadəçi məlumatlarının əldə olunması üçün göndərdikləri icazələr sistemi üzərindəki idarəni də yaxşılaşdırıb. Bunun sayəsində istifadəçilər hansı tətbiqlərin hansı məlumatları əldə etdiklərini daha yaxşı anlayacaqlar. Hal hazırda Android 14-ün stabil versiyasını Pixel 4a 5G, Pixel 5, Pixel 5a, Pixel 6, Pixel 6 Pro, Pixel 6a, Pixel 7, Pixel 7 Pro, Pixel 7a, Pixel Tablet və Pixel Fold cihazları əldə ediblər. Google bildirib ki, Samsung, Nothing, OnePlus, OPPO, realme, Sony, Sharp, vivo, iQOO və Xiaomi brendlərinin Android 14-ü dəstəkləyən cihazları sözügedən yeni əməliyyat sisteminin stabil versiyasını bu ilin sonuna kimi əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər