Logo
    main-post-cover

    Android 15-də olacaq faydalı funksiyalardan biri sərgilənib (VİDEO)

    Əməliyyat sistemləri
    19.03.2024
    Emil
         Android Authority saytının əməkdaşları hələ anons olunmamış funksiyanı Android 14 QPR3 test versiyasında aktivləşdirə biliblər. Söhbət, tətbiqlərin arxivləşdirilməsi funksiyasından gedir. Bu funksiya istifadə olunmayan tətbiqləri smartfondan tam silmədən onları arxivləşdirərək əlavə daxili yaddaş həcmini təmin etmək üçün nəzərdə tutulub. Bu, iOS 11-də istifadəyə verilmiş Offload unused apps funksiyasının analoqudur. Google tətbiqlərin arxivləşdirilməsi funksiyasını hələ 2022-ci ilin əvvəlində təqdim etmişdi. Lakin o, Google Play platformasına istiqamətlənmiş bir funksiya idi. Android 14 QPR3 Beta versiyasında isə funksiya birbaşa əməliyyat sisteminə inteqrasiya edilib.
         Android Authority saytının əməkdaşları sözügedən beta versiya üzərində müəyyən prosesləri reallaşdırandan sonra tətbiqlərin arxivləşdirilməsi funksiyasını software səviyyəsində aktivləşdirmək mümkün olub. Beləliklə arxivləşdirmə funksiyasını hər hansısa tətbiq üzərində istifadə edən zaman tətbiqin özü silinsə də, onun daxilindəki məlumatlar ilə tətbiq ikonu smartfondan olduğu kimi qalırlar. Məsələn sözügedən funksiya sayəsində UBER tətbiqinin həcmi 387 MB-dan 17.64 MB-a enəcək. Tətbiqi bərpa etmək istəyən zaman isə sadəcə olaraq onun ikonuna klikləmək lazım gələcək. Tətbiq ikonuna klikləyəndən sonra bütün məlumatlar yenidən ona yüklənəcək və tətbiqdən istifadə etmək mümkün olacaq. Gözləntilərə əsasən tətbiqlərin arxivləşdirilməsi funksiyası Android 15-də istifadəyə veriləcək.
    Paylaş