
Android oyunlar kompüterlərdə: Google Play Games-in rəsmi beta versiyası Windows üçün istifadəyə verilib
Əməliyyat sistemləri
21.02.2023
Emil
Google şirkəti Google Play Games-in rəsmi beta versiyasını Windows üçün istifadəyə verib. Qeyd etmək lazımdır ki, sözügedən tətbiq kompüterlərə məşhur mobil oyunları quraşdırmağa və oynamağa imkan verir. Bununla yanaşı şirkət Google Play Games üçün nəzərdə tutulmuş sistem tələblərini təqdim edib və onun ilkin mərhələdə hansı ölkələrdə istifadəyə verildiyini açıqlayıb. Beləliklə Google Play Games-dən faydalanmaq üçün kompüter aşağıdakı sistem tələblərinə uymalıdır:
- Windows 10 və ya Windows 11
- SSD (minimum 10 GB boş yer)
- Intel UHD Graphics 630 qrafikası və ya daha yaxşıları
- Minimum 4 fiziki nüvəyə sahib CPU
- Minimum 8 GB RAM
- Windows istifadəçi hesabı üçün administrator hüququ
- Hardware səviyyəsində aktiv virtualizasiya.
Google Play Games-in rəsmi beta versiyası hal hazırda Cənubi Koreya, Avstraliya, Braziliya, Kanada, İndoneziya, Malayziya, Meksika, Filippin, Tayland və ABŞ-da aktivdir. Tədricən sözügedən servis daha çox ölkədə istifadəyə veriləcək. Google bildirib ki, Google Play Games-in kataloqunda 100-dən çox mobil oyun var və onların sayı da tədricən artacaq. Google Play Games-in rəsmi olaraq tam şəkildə nə zaman istifadəyə veriləcəyi regiondan asılı olaraq dəyişəcək. Qeyd etmək lazımdır ki, sözügedən servisin macOS versiyası mövcud deyil.
Paylaş
Bənzər xəbərlər