
Apple ilə Huawei mobil əməliyyat sistemləri bazarında tədricən mövqelərini gücləndirirlər
Əməliyyat sistemləri
03.04.2023
Emil
Counterpoint Research tədqiqat şirkəti 2022-ci il üzrə mobil əməliyyat sistemləri bazarının statistikasını təqdim edib. Şirkət bu statistikanı smartfon satışlarına əsaslanaraq tərtib edib. Təqdim edilmiş statistikadan məlum olub ki, Android bütün dünyada ən geniş yayılmış əməliyyat sistemi olsa da, onun rəqibləri bazardakı mövqelərini gücləndirməyə davam edirlər. Məlumatda qeyd edilib ki, 2021-ci ilin dördüncü rübü ilə müqayisədə keçən ilin dördüncü rübündə smartfon satışları 15% aşağı düşüb. Bununla belə iPhone-ların satışları 12%, Android smartfonların satışları isə 16% aşağı düşüb. Bu isə öz növbəsində mobil əməliyyat sistemləri bazarındakı vəziyyətə təsir göstərib.
Dünyada olan qəliz vəziyyət səbəbilə 2022-ci ildə giriş və orta seqmentli smartfonlara tələbat artdı. Bunun sayəsində Android əməliyyat sisteminin bazardakı payı 2022-ci ilin əvvəlindəki 78%-dən ilin ikinci rübündə 83%-ə yüksəldi. Eyni müddət ərzində isə iOS-in bazar payı 21%-dən 16%-ə düşdü. Lakin keçən ilin ikinci yarısında vəziyyət dəyişdi. Belə ki, Android-in bazardakı payı 76%-ə düşdü, iOS-in bazardakı payı isə 22%-ə yüksəldi. Mobil əməliyyat sistemləri bazarında Huawei şirkəti də özünün HarmonyOS əməliyyat sistemi vasitəsilə mövqelərini yavaş-yavaş gücləndirir. Son 2 ildə sözügedən əməliyyat sisteminin bazardakı payı sıfırdan 2%-ə yüksəlib. Bununla belə Çin bazarında HarmonyOS bazarın 8%-nə sahibdir.
Paylaş
Bənzər xəbərlər