main-post-cover

    Apple iPhone-nu kontaktsız ödənişlər üçün POS terminala çevirəcək Tap to Pay adlı funksiyanı anons edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.02.2022
    Emil Nəcəfov
        Apple şirkəti elan edib ki, bu il istifadəçilər iPhone-dan və iOS üçün nəzərdə tutulmuş xüsusi tətbiqdən istifadə edərək kontaktsız ödənişləri qəbul edə biləcəklər. Bu prosesi reallaşdıracaq funksiya Tap to Pay adını əldə edib. Bu funksiya fərdi sahibkarlara və böyük şirkətlərə smartfonu POS terminal kimi istifadə etməyə yardımçı olacaq. Tap to Pay funksiyası ödəniş platformaları və özlərinin iOS tətbiqlərinə bu ödəniş üsulunu inteqrasiya etmək istəyən proqram təminatı tərtibatçılarına açıq olacaq. Apple şirkətinin bu yeni imkanından ilk istifadə edəcək partnyorlardan biri isə Shopify platforması olacaq.
        “İstehlakçıların böyük hissəsi ödənişlər üçün rəqəmsal portmanatlardan və plastik kartlardan istifadə etdiyi üçün Tap to Pay funksiyası şirkətlərə kontaktsız ödənişləri təhlükəsiz, konfidensial və asan üsul ilə qəbul etməyə imkan verəcək və iPhone-nun təhlükəsizliyi, rahatlığı və gücü hesabına ödənişlər üçün nəzərdə tutulmuş yeni imkanları təklif edəcək” - deyə Apple qeyd edib.
        Tap to Pay funksiyası istifadəyə veriləndən sonra sahibkarlar kontaktsız ödənişləri iPhone XS-dən başlayaraq bütün Apple smartfonlarında dəstəklənən xüsusi iOS tətbiqlər üzərindən qəbul edə biləcəklər. Ödənişi etmək üçün alıcı sadəcə olaraq öz plastik kartını və ya smartfonunu satıcının iPhone-na toxundurmalı olacaq. Bu proses NFC dəstəkli POS terminallarda həyata keçən prosesə bənzəyir. iPhone vasitəsilə kontaktsız ödənişləri qəbul etmək üçün smartfona hansısa əlavə xarici cihazı qoşmağa ehtiyac qalmayacaq.
        Şirkət bildirib ki, bu ilin sonunda sözügedən funksiya həmçinin ABŞ-dakı bütün Apple Store mağazalarında istifadəyə veriləcək. Apple bildirib ki, Tap to Pay üzərindən reallaşdırılacaq tranzaksiyalar Apple Pay servisində təhlükəsizliyi və konfidensiallığı təmin edən texnologiyalar vasitəsilə qorunacaq. Qeyd etmək lazımdır ki, şirkət ödənişləri izləməyəcək və buna görə də kimin Tap to Pay üzərindən nə aldığını bilməyəcək. Məlumata əsasən bu yeni funksiya iPhone-da ödəniş platformaları və onların partnyorları qismində çıxış edən tərtibatçıları üçün iOS-in növbəti beta versiyasında aktiv olacaq.
    Linki kopyala