main-post-cover

    Apple şirkəti iOS 14-ün final versiyasını istifadəyə verib: Nə kimi dəyişikliklər var?

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    17.09.2020
    Farid Pardashunas
        Apple şirkəti iOS 14 əməliyyat sisteminin final versiyasını istifadəyə verib. Əvvəlki iOS 13 ilə müqayisədə yeni əməliyyat sistemi bir çox vacib dəyişikliklər əldə edib. Yeni iOS 14-ü iPhone 6s və ondan sonra çıxmış digər bütün iPhone istifadəçiləri yükləyə bilərlər.
    Ana ekranda vidjetlər:
        iOS 14 Apple şirkətinin əməliyyat sistemləri tarixində ilk təmsilçidir ki, onun vasitəsilə smartfonun ana ekranına vidjetlər yerləşdirmək mümkündür. Smart Stack funksiyası sayəsində vidjetləri ayrı-ayrı qruplara birləşdirmək olar. iOS 14 isə süni zəka alqoritmi vasitəsilə istifadəçinin zaman, yerləşdiyi yer və digər aktivlikləri əsasında lazımi vidjetləri ilk növbədə təqdim edəcək.
    Tətbiqlər kitabxanası:
        Smartfonun ana ekranında çoxlu sayda tətbiqin yaratdığı qarışıqlığı aradan qaldırmaq üçün iOS 14 həmin tətbiqləri avtomatik şəkildə kateqoriyalar üzrə qruplaşdırır və onların ayrıca kitabxanada axtarışları üçün sadə axtarış alətlərini təqdim edir.
    Picture-in-picture rejimi:
        Bu yeni funksiya sayəsində istifadəçi istənilən tətbiqdən olan videokontenti aktiv pəncərənin üzərinə yerləşdirə və öz istəyinə uyğun olaraq həmin videonu ekran üzrə istənilən yerə hərəkət etdirə bilər. Bu funksiya həmçinin FaceTime zənglərini də əhatə edir. Buna görə də FaceTime vasitəsilə kimləsə danışan zaman istifadəçi eyni anda digər tətbiqdən də istifadə edə bilər.
    Siri-nin kompakt interfeysləri:
        Yeni əməliyyat sistemində daxil olan zənglər ekranın yuxarı hissəsində əks olunurlar. Bunun vasitəsilə istifadəçi hansısa tətbiqdən istifadə edən zaman gələn zəngi rahat şəkildə qəbul və ya ləğv edə bilər. iOS 14-də həmçinin Siri səsli köməkçisinin interfeysi də dəyişilib. Belə ki, Siri ilə dialoq pəncərəsi ekranın bütün hissəsini deyil yarısını əhatə edir.
    App Clips funksiyası:
        Bu funksiyanın sayəsində App Store-dan tətbiqin yalnız bir hissəsini yükləmək mümkün olacaq. Bu üsul ilə yüklənən tətbiqi sürətli şəkildə işə salmaq mümkündür. Bunun üçün istifadəçi Apple tərəfindən yaradılmış App Clips şifrəsini skan etməli olacaq.
    Messages tətbiqində yeni funksyalar:
        iOS 14-də mövzuları və çatları siyahının yuxarı hissəsində bərkitmək imkanı reallaşdırılıb. Bunun sayəsində istifadəçi həmin mesajlara sürətli keçid edə biləcək. Bununla yanaşı iMessage tətbiqinə qrup çatlar, insanların tag olunması və yeni Memoji ayarları əlavə edilib.
    İnteqrasiya edilmiş tərcüməçi:
        Əməliyyat sisteminin standart tətbiqlər siyahısına yeni Translate tətbiqi əlavə edilib. Bu tətbiq vasitəsilə müxtəlif funksiyalardan istifadə edərək 11 dildə ünsiyyət qurmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər