
Huawei HarmonyOS 4 əməliyyat sistemi təqdim edilib
Əməliyyat sistemləri
07.08.2023
Emil
Huawei şirkəti rəsmi şəkildə HarmonyOS 4 əməliyyat sistemini təqdim edib. Şirkət yeni əməliyyat sistemində əsas diqqətini interfeysin təkmilləşdirilməsinə ayırıb. Bununla yanaşı HarmonyOS 4-də bildirişlər sistemi tamamilə emal edilib. Yeni əməliyyat sisteminin əsasını Ark Engine mühərriki təşkil edir. O, sistemin qrafik imkanlarından, yaddaşından və enerji sərfiyyatından cavabdehdir. Şirkətin verdiyi məlumata əsasən optimizasiya hesabına əməliyyat sisteminin performansını 20% yüksəltmək mümkün olub. Bununla yanaşı HarmonyOS 4 vasitəsilə çalışacaq smartfonlar bir dəfə şarj olunandan sonra 30 dəqiqə daha çox çalışa biləcəklər.
Şirkət həmçinin kamera tətbiqinin işə salınması sürətini yüksəldib və sistemdəki animasiyaları daha axıcı edib. HarmonyOS 4-də istifadəçilərə interfeysin təkmilləşdirilməsi istiqamətində geniş imkanlar təklif edilir. Məsələn istifadəçi fotoları divar kağızlarına çevirə və onlara müxtəlif effektlər əlavə edə bilər. Üstəlik cihazın bloklanmış ekranında əks olunan saatın və mətnin tərzlərini, o cümlədən şriftləri dəyişmək olar. İstifadəçi yeni əməliyyat sistemi çərçivəsində cihazın bloklanmış ekranına aktual hava şəraitini əks etdirən il fəslinin divar kağızını yerləşdirə bilər. Bu halda sistem real fəsil dəyişikliyi zamanı avtomatik olaraq bloklanmış ekrandakı divar kağızındakı fəsli də dəyişəcək.
Müasir standartlara cavab vermək üçün şirkət HarmonyOS 4-də bütün sistem tətbiqlərini yeniləyib və 1800-dən çox smayliki sıfırdan hazırlayıb. HarmonyOS 4-də əsas yenilik bildirişlər mərkəzi ilə bağlıdır. Həm smartfonlarda həm də planşetlərdə yenilənmiş bildirişlər mərkəzi Live Window, smart saatlarda isə Moon Window adını əldə edib. Yenilənmiş bildirişlər mərkəzi iPhone 14 Pro modellərinin ekranlarındakı Dynamic Island çıxıntısını xatırladır. Bu cür bildirişlər mərkəzi ana səhifənin üst hissəsində yerləşir və istifadəçi ona klikləyən zaman sistemdəki müxtəlif aktivlikləri izləyə bilər. Huawei HarmonyOS 4-də səsli köməkçiyə generativ süni zəkanı inteqrasiya etməklə onu təkmilləşdirib. Nəticədə səsli köməkçi istifadəçi ilə olan dialoqu dəstəkləyə, təbii danışığı tanıya və fotolarla qarşılıqlı əlaqədə ola bilir. HarmonyOS 4-ün Çində testinə artıq start verilib.
Paylaş
Bənzər xəbərlər