
Microsoft adi istifadəçilər üçün Windows-un bulud versiyası üzərində çalışır
Əməliyyat sistemləri
28.06.2023
Emil
Microsoft şirkəti 2021-ci ildə Windows 365-i təqdim etmişdi. Bu, Windows əməliyyat sisteminin korporativ müştərilər üçün nəzərdə tutulmuş bulud versiyasıdır. İndi isə məlumat ortaya çıxıb ki, şirkət Windows-un bulud versiyasını adi istifadəçilər üçün də hazırlayır. İdeyanın əsas məğzi internetə çıxışı olan istənilən cihaza sahib istifadəçinin Windows-dan istifadə edə bilməsidir. Məlumata əsasən keçən ilin iyun ayında şirkət daxilində olmuş təqdimat zamanı Microsoft Windows 365-in adi istifadəçilər üçün də istifadəyə verilməsi mövzusunu müzakirə edib.
Şirkətin ideyasına əsasən bunun sayəsində istifadəçi Windows-a sahib virtual kompüteri əldə etmək üçün aylıq ödənişli abunəliyə qoşula bilər. Nəticədə istifadəçi internetə çıxışı olan istənilən cihaz sayəsində bu cür virtual kompüterə giriş edə biləcək. Məlumatda həmçinin qeyd edilib ki, bu sistem çərçivəsində istifadəçi öz ehtiyaclarına uyğun gələcək virtual kompüteri seçə bilər. Məsələn istifadəçi kompüter oyunları, iş, kontent yaradılması və s. üçün nəzərdə tutulmuş virtual kompüterlərdən birini seçə bilər. Bu cür virtual kompüterdən aylıq istifadə haqqı isə 10$ qiymətində nəzərdə tutulub. Bununla belə bir neçə istifadəçi üçün nəzərdə tutulmuş vahid ailəvi abunəlik paketi də nəzərdə tutulub. Bulud Widows dəstəkli virtual kompüter layihəsinin nə zaman istifadəyə veriləcəyi bilinmir.
Paylaş
Bənzər xəbərlər