main-post-cover

    Microsoft Windows 11-in istifadəyə verilmə tarixini elan edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    01.09.2021
    Emil Nəcəfov
        Microsoft rəsmi şəkildə elan edib ki, Windows 11-in işıq üzü görməsinə 1 aydan bir qədər çox vaxt qalıb. Bununla yanaşı şirkət bildirib ki, yeni əməliyyat sisteminin istifadəyə verildiyi vaxtda o, əvvəlcədən qeyd edilmiş bütün funksiyalara sahib olmayacaq. Əməliyyat sisteminin istifadəyə verilməsi mərhələli şəkildə reallaşdırılacaq və bunun üçün çox zaman lazım olacaq. Beləliklə Windows 11 5 oktyabr tarixindən başlayaraq istifadəyə veriləcək. Windows 10 ilə çalışan və Windows 11-i əldə etmək üçün lazımi texniki özəlliklərə sahib olan kompüterlər həmin tarixdə yeni əməliyyat sistemini əldə edə biləcəklər.
        Yenilənmə prosesi tamamilə pulsuz şəkildə reallaşdırılacaq. Həmçinin onu da qeyd etmək lazımdır ki, qutudan Windows 11-ə sahib yeni noutbuklar da satışa çıxacaqlar. Microsoft bildirib ki, o, Windows 10-dan yaxşı dərs çıxardıb və buna görə də Windows 11-in sürətlə yayılmasını planlaşdırmır. Nəticədə yeni əməliyyat sisteminin yayılma prosesi tədricən baş verəcək.
        “Windows 10-dan aldığımız dərslər sayəsində biz sizlərə ən yaxşı imkanları təqdim etdiyimizdən əmin olmaq istəyirik. Buna görə də Windows 11 ilk növbədə yeni cihazlarda istifadəyə veriləcək. Müəyyən müddətdən sonra isə yeni əməliyyat sistemi artıq mövcud olan cihazlar üçün də təqdim olunacaq” - deyə Microsoft qeyd edib. Şirkət ümid edir ki, Windows 11-in sistem tələblərinə uyğun olan cihazların hamısı 2022-ci ilin ortasına kimi yeni əməliyyat sistemini əldə edəcəklər. Bununla yanaşı şirkət bildirib ki, 5 oktyabr tarixində yeni əməliyyat sistemində Android tətbiqlərin dəstək funksiyasını gözləmək lazım deyil. Bu funksiya yalnız yaxın aylar ərzində Windows 11-in test versiyasında istifadəyə veriləcək.
    Linki kopyala