Logo
    main-post-cover

    Siri-nin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş səsli əmr sadələşdiriləcək

    Əməliyyat sistemləri
    07.11.2022
    Emil
        İnsayderlərin verdikləri məlumata əsasən Apple özünün Siri səsli köməkçisinin çalışma prosesində bəzi dəyişikliklər reallaşdırmağı planlaşdırır. Bununla belə Siri-nin işə salınması əmrinin dəyişdirilməsi də nəzərdə tutulub. Hal hazırda Siri-ni aktivləşdirmək üçün istifadəçi “Hey Siri” əmrini səsləndirməlidir. Tərtibatçılar isə səsli köməkçinin sadəcə “Siri” səsli əmri ilə aktivləşdirilməsini planlaşdırırlar. Məlumatda qeyd edilib ki, Apple bu dəyişikliyin üzərində son bir neçə ay ərzində çalışır və o, 2023-cü ildə istifadəçilər üçün aktivləşdiriləcək. Bundan əlavə olaraq bu yeniliyin 2024-cü ilə kimi təxirə salınacağı da istisna deyil. Bu, funksiyanın stabil olaraq çalışmasının təmin edilməsinin elə də asan məsələ olmaması ilə bağlıdır. Belə ki, səsli köməkçi müxtəlif dillərdə və dialektlərdə olan bir sözü təyin edərək aktivləşməlidir.
        Hal hazırda səsli köməkçinin aktivləşdirilməsi üçün istifadə edilən “Hey Siri” əmrində iki söz mövcuddur. Bu isə Siri-nin əmri düzgün şəkildə təyin etmə ehtimalını yüksəldir. Səsli köməkçinin bir sözlə aktivləşdirilməsi ilə Apple şirkəti Amazon ilə bərabərliyini təmin edəcək. Belə ki, Amazon-un Alexa adlı səsli köməkçisi artıq uzun müddətdir ki, yalnız “Alexa” səsli əmri vasitəsilə aktivləşir. Bununla yanaşı Siri-də reallaşdırılacaq bu yenilik öz növbəsində Google şirkətini geridə qoyacaq. Belə ki, Google Assistant-ın aktivləşdirilməsi üçün istifadəçi “Okay Google” səsli əmrini verməlidir. Qeyd etmək lazımdır ki, bu, Siri-də reallaşdırılacaq yeganə yenilik olmayacaq. Məlumata əsasən Apple öz səsli köməkçisini kənar servis ilə tətbiqlərə inteqrasiya edə bilər.
    Paylaş
    Bənzər xəbərlər