Logo
    ABŞ 200 milyon dollardan çox itki yaradan saxta tələbə sxemini araşdırır

    ABŞ 200 milyon dollardan çox itki yaradan saxta tələbə sxemini araşdırır

        ABŞ Ədliyyə Nazirliyi “Operation Ghostbusters” istintaqının ilk nəticələrini açıqlayıb. Fırıldaqçılar oğurlanmış şəxsiyyət məlumatları ilə tələbə krediti üçün müraciətlər hazırlayıblar. Süni intellektlə saxta tələbələrin onlayn dərslərə qatıldığı görüntüsü yaradılıb. Nəticədə dövlətin 200 milyon dollardan çox (təxminən 340 milyon manat) itirdiyi güman edilir.
        Şəbəkə saxta tələbələri onlayn kollec və universitetlərə qeydiyyatdan keçirib. Kreditin əsas hissəsi təhsil haqqı kimi bu müəssisələrə ödənilib, qalan pul fırıldaqçıların bank hesablarına köçürülüb. Vasitəçilər vəsaiti ABŞ-dəki hesablardan xaricdəki şəriklərə çatdırıblar. Borclar da şəxsiyyət məlumatlarından xəbərsiz istifadə olunan insanların adına qalıb.
        ABŞ-dəki müxtəlif kollec və universitetlər 2021-ci ildə federal tələbə yardımı proqramına göndərilən şübhəli müraciətləri görməyə başlayıblar. Təhsil Nazirliyinin Baş Müfəttiş İdarəsi işi FBI-nin Richmond ofisinə yönləndirib. Hazırda 40-dan çox fırıldaq işi araşdırılır. İstintaqa FBI-nin 26 regional ofisi və 20 federal prokurorluq qoşulub.
        Əməliyyat çərçivəsində 5 nəfərə ittiham irəli sürülüb. İstintaq zamanı sxemlə əlaqəli 750 000 dollardan çox (təxminən 1 275 000 manat) kriptovalyuta müsadirə olunub. Bu vəsaitin keniyalı şəxslərlə əlaqəli şəbəkəyə bağlı olduğu üzə çıxıb. Bu, ABŞ-nin Keniyada belə sxem üzrə apardığı ilk beynəlxalq müsadirədir.
        ABŞ tələbə krediti fırıldaqlarını dayandırmaq üçün şübhəli müraciətləri avtomatik tapan sistemləri işə salır. Ancaq şəxsiyyət yoxlamalarının sərtləşdirilməsi və düzgün müraciətlərin də şübhəli sayılması əlavə çətinliklər yaradır. Bundan ən çox aşağı gəlirli və həssas tələbələr zərər görür. Belə hallarda onların qanuni maliyyə yardımı alması da çətinləşir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...