Logo
    Apple Tailand rəsmiləri ilə iPhone-lara casus proqram riskini müzakirə etdi

    Apple Tailand rəsmiləri ilə iPhone-lara casus proqram riskini müzakirə etdi

        “Apple” muzdlu casus proqramlarla bağlı yeni xəbərdarlıqlardan sonra Tailand rəsmiləri ilə görüşüb. Belə proqramlar adətən sifarişlə hazırlanır və hədəfdəki şəxsin telefonundakı məlumatları gizli izləmək üçün işlədilir. Bildiriş alan “iPhone” istifadəçiləri arasında ölkə siyasətçiləri də olub. Görüşdə hücumların kimdən qaynaqlandığı və siyasətçilərin niyə hədəf seçildiyi müzakirə edilib.
        Yeni təhlükə bildirişləri 29 oktyabrda 99 ölkədəki potensial hədəflərə göndərilib. “Apple” bu şəxslərə muzdlu casus proqram hücumunun hədəfi ola biləcəkləri barədə xəbərdarlıq edib. Avqustda da 110 ölkədəki istifadəçilərə oxşar bildirişlər göndərilmişdi. Hücum edənlərin aşkarlanmadan yayınmaması üçün şirkət xəbərdarlıq sisteminin hansı meyarlarla işlədiyini açıqlamır.
        Tailandın rəqəmsal iqtisadiyyat və cəmiyyət naziri Çaiçanok Çitçob deyib ki, belə xəbərdarlıq telefonun mütləq ələ keçirildiyi demək deyil. Hakimiyyətin son hücum cəhdlərində İsrailin “NSO Group” şirkətinin hazırladığı “Pegasus” casus proqramının işlədildiyinə dair sübutu da yoxdur. “Pegasus” 2022-ci ildə Tailandda demokratiya tərəfdarlarına qarşı istifadə olunmaqda ittiham edilmişdi.
        “Apple” bildiriş alanlara “Lockdown Mode” qoruma rejimini aktivləşdirməyi və kibertəhlükəsizlik mütəxəssislərindən kömək istəməyi tövsiyə edib. Tailand hakimiyyəti digər texnologiya şirkətləri ilə də görüşməyi planlaşdırır. Görüşlərdə qorunma yolları və “Android” cihazlarını gözləyən risklər müzakirə olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...