Avropa Komissiyasına süni intellektlə hücum ən azı 10 gün çəkib
Təhlükəsizlik
21.11.2026
Avropa İttifaqı oktyabrda əsas qurumlarından birinə süni intellekt alətlərinin köməyi ilə kiberhücum edildiyini təsdiqləyib. Bu, 27 üzvlü blokun belə bir hücumla bağlı ilk rəsmi açıqlamasıdır. Hadisə açıqlananda qurumun bəzi rəqəmsal alətləri hələ də işləmirdi. Hücum Avropa Komissiyasının baş qərargahını hədəfə alıb.
Avropa Komissiyasının sözçüsü Thomas Regnier qurumun hadisəni ilk dəfə 22 oktyabrda aşkarlayıb araşdırmaya başladığını deyib. Ardınca əlavə təhlükəsizlik tədbirləri görülüb. Kibertəhlükəsizlik mütəxəssisləri hücumun nəticələrini aradan qaldırmaq üçün təxminən 1 ay işləyiblər. Hücumu kimin etdiyi və hansı üsuldan yararlandığı açıqlanmayıb.
Regnier-in sözlərinə görə, sistemlərdəki təhlükəsizlik boşluqlarını tapmaq üçün süni intellektlə işləyən alətlərdən yararlanılıb. Hücum vaxtı bir neçə tətbiq müvəqqəti dayandırılıb, daha sonra onların əksəriyyəti yenidən işə salınıb. Komissiyanın bütün əməkdaşlarının məlumatlarının sızdığına dair sübut tapılmayıb. Regnier heç bir qurumun belə hücumlardan tam qorunmadığını deyib.
Məlumata görə, hücum ən azı 10 gün davam edib və tərcümə, eləcə də xərclərin geri qaytarılması üçün işlədilən alətlərə təsir göstərib. Maaş və iş vaxtının hesablanmasında işlədilən məlumat bazasının da zərər gördüyü iddia olunur. Avropa Komissiyası bu detalları təsdiqləməyib. Avropa Şurası və Avropa Parlamenti bənzər hadisə barədə məlumat yaymayıb.
Avropa İttifaqı qurumlarının rəqəmsal təhlükəsizliyinə “CERT-EU” nəzarət edir. Təkcə Brüsseldə bu qurumlarda təxminən 40 000 nəfər çalışır. Agentlik noyabrın əvvəlində təhlükəsizlik boşluqlarını süni intellektlə aşkar edən “ARTEX” aləti barədə xəbərdarlıq yayıb. “ARTEX” son kiberhücumlarla əlaqələndirilsə də, oktyabrdakı hadisədə işlədilib-işlədilmədiyi bilinmir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...