Britaniyada kiçik bizneslərin 49%-i kibertəhlükəsizlik hadisəsi yaşayıb
Təhlükəsizlik
23.09.2026
“ESET”in 2026-cı il araşdırmasına görə, Böyük Britaniyada kiçik bizneslərə qarşı kibertəhlükələr artır. Ölkədə kiçik və orta bizneslərin 49%-i son 1 ildə ən azı 1 təhlükəsizlik hadisəsi yaşayıb. Şirkətlərin 13%-i belə hallarla 1 dəfədən çox üzləşib. Sorğuda ümumilikdə 500 şirkət iştirak edib.
Şirkətləri ən çox süni intellektlə (AI) gücləndirilən zərərli proqramlar narahat edir. Hücumların əsas səbəbləri arasında fişinq, yəni saxta mesajlarla məlumat oğurluğu, yenilənməmiş proqramlar və zəif şifrələr var. Sistemlərin lazımi səviyyədə izlənməməsi də hücumları vaxtında aşkar etməyi çətinləşdirir.
Kiçik bizneslər yeni kibertəhlükələri izləməkdə və AI kimi sürətlə inkişaf edən texnologiyalara uyğunlaşmaqda çətinlik çəkir. Proqramlardakı təhlükəsizlik boşluqları vaxtında bağlanmadıqda risk daha da artır. Digər əsas problem kibertəhlükəsizlik mütəxəssislərinin azlığıdır. Büdcə və işçi sayı məhdud olduğuna görə təhlükəsizlik tədbirləri bəzən arxa planda qalır.
Kiçik və orta bizneslər Böyük Britaniyanın özəl sektorundakı dövriyyənin yarıdan çoxunu verir. Bu şirkətlərin ümumi dövriyyəsi təxminən 2,8 trilyon funt (təxminən 6,3 trilyon manat) qiymətləndirilir. Böyük pul dövriyyəsi və saxladıqları həssas məlumatlar onları kibercinayətkarların əsas hədəflərindən birinə çevirir.
Sorğuya qatılan şirkətlərin 55%-i qarşıdakı 12 ayda kibertəhlükəsizlik büdcəsini artırmağı planlaşdırır. Pul əsasən işçilərin təliminə, təhlükələr barədə məlumatlılığın artırılmasına və bulud sistemlərinin qorunmasına ayrılacaq. AI hücumları sürətləndirə bilər, amma cinayətkarlar hələ də daha çox fişinqdən və proqramlardakı boşluqlardan yararlanırlar. Güclü şifrələrdən istifadə və proqramların vaxtında yenilənməsi kiçik bizneslər üçün əsas müdafiə üsulları olaraq qalır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...