China Telecom şəbəkəsində Çinə satışı qadağan edilən 32 Nvidia çipi tapılıb
Təhlükəsizlik
23.10.2026
İsrailin “Lava” təhlükəsizlik şirkəti Çinin dövlət telekommunikasiya operatoru “China Telecom”un şəbəkəsində 32 ədəd B300 çipi aşkarladığını açıqlayıb. Söhbət “Nvidia Blackwell Ultra B300” adlı güclü süni intellekt çiplərindən gedir. ABŞ-nin ixrac qaydaları bu məhsulların Çinə satışını qadağan edir. Çiplərin ölkəyə və operatorun serverlərinə necə çatdığı hələ bilinmir.
“Nvidia” bu çipləri yalnız onları sanksiya tətbiq olunan tərəflərə verməyəcəyini öhdəsinə götürən təsdiqlənmiş alıcılara satır. Ötən il Çin şirkətlərinin cəmi 3 ayda 1 milyard dollarlıq (təxminən 1,7 milyard manatlıq) süni intellekt çipini ölkəyə qaçaqmalçılıq yolu ilə gətirdiyi üzə çıxmışdı. Həmin vaxt ən çox “B200” axtarılırdı. Bəzi satıcılar artıq “B300” çiplərinin tədarükünə hazırlaşırdı. “Nvidia” son aşkarlamanı inkar etməyib, amma belə halların ABŞ-nin ixracına nəzarət etdiyi məhsulların 0,5%-dən də azını əhatə etdiyini deyib.
“Lava” çipləri “Nvidia DCGM Exporter” proqramı ilə tapıb. Məlumat mərkəzləri bu proqramla serverlərin vəziyyətini və işləmə sürətini izləyir. Alət daxili istifadə üçün hazırlansa da, bəzən kənardan girişə açıq qalır və hətta parol istəmir. “Lava” çiplərin “China Telecom” şəbəkəsinin hansı hissəsində olduğunu təsdiqləyə bilməyib. “Nvidia” çiplərin yerini müəyyənləşdirən ayrıca alət hazırladığını daha əvvəl açıqlasa da, proqram hələ çıxmayıb.
“Blackwell Ultra B300” 2025-ci ilin martında tanıdılıb və məlumat mərkəzləri üçün ən güclü qrafik prosessorlardan biri sayılır. “B200”lə müqayisədə onun yaddaşı və FP4 formatında hesablama gücü 50% çoxdur. FP4 süni intellekt hesablamalarını daha az resursla sürətləndirmək üçün işlədilən aşağı dəqiqlikli hesablama formatıdır. İlk tədarükün ilin sonunadək başlanacağı gözlənilirdi. Çip qısa müddətdə qanunsuz satış bazarında da tələb görməyə başladı.
Bu ilin avqustunda Tayvanda “B300” çiplərinin Çinə qanunsuz ixracına görə 9 nəfərə ittiham irəli sürülüb. Bir neçə gün əvvəl “Supermicro” araşdırmadan sonra bəzi əməkdaşlarını işdən çıxardığını təsdiqləmişdi. Sxemdə qrafik prosessor almağa icazəsi olan Tayvanın “Flying Tiget Tech” server satıcısından yararlanılıb. 5 yaşlı “A100” serverlərinin qiyməti yüksək tələbə görə 3 dəfə artıb. Nəticədə qiymət 82 000 dollara (təxminən 139 400 manat) çatıb. Məhdudiyyətlər bəzi şirkətləri oyunlar üçün hazırlanmış qrafik prosessorları süni intellekt tapşırıqlarına uyğunlaşdırmağa da sövq edib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...