Nvidia AI çiplərinin Çinə qanunsuz ixracında vasitəçi günahını etiraf edib
Təhlükəsizlik
10.10.2026
“Super Micro” serverlərindəki “Nvidia” süni intellekt (AI) çiplərinin qanunsuz yolla Çinə göndərilməsi işi üzrə ittiham olunan vasitəçi Ting-Wei “Willy” Sun günahını etiraf edib. O, şirkətin həmtəsisçisi Yih-Shyan “Wally” Liaw və satış meneceri Ruei-Tsang “Steven” Chang ilə birlikdə ittiham olunmuşdu. Sun prokurorlarla razılaşıb, amma mümkün əməkdaşlığın şərtləri açıqlanmayıb. Ona 8 sentyabr 2027-ci ildə hökm oxunacaq.
İstintaqa görə, qrup “Nvidia” çipləri qoyulmuş “Super Micro” serverlərini əvvəlcə Cənub-Şərqi Asiyadakı bir şirkətə göndərib. Orada saxta sənədlər hazırlanıb, yoxlama aparan müfəttişlərə göstərmək üçün saxta serverlər yığılıb. İşçilər həqiqi serverlərin seriya nömrələrini fenlə çıxarıb saxta korpuslara yapışdırıblar. Əsl serverlər daha sonra Çinə çatdırılıb.
Araşdırma göstərib ki, serverləri Taylandda qeydiyyatdan keçmiş şirkət qəbul edib və daha sonra “Alibaba”ya çatdırıb. “Alibaba” qadağan olunmuş avadanlığı aldığını inkar edir. “Super Micro” da bu əməliyyatdan xəbərsiz olduğunu deyib. Bununla belə, sözügedən sxem 2024-cü ildən bəri 2,5 milyard dollarlıq (təxminən 4,25 milyard manat) satışla əlaqələndirilir. Səhmdarlar şirkəti Çinə qanunsuz satışlardan asılı olduğunu gizlətməkdə günahlandıraraq məhkəməyə müraciət ediblər.
Liaw ittihamları qəbul etməyib və 5 milyon dollar (təxminən 8,5 milyon manat) girov qarşılığında azadlığa buraxılıb. “Super Micro”nun həmtəsisçisinin məhkəməsinin 2 noyabr 2026-cı ildə başlanacağı gözlənilir. Digər təqsirləndirilən Chang hələ də qaçaqdır və ABŞ orqanları onu axtarır.
Tayvan orqanları da AI çiplərinin qanunsuz ixracı ilə bağlı ayrıca araşdırma aparır. Müstəntiqlər bir neçə “Super Micro” ofisində və 6 nəfərin evində axtarış keçirildiyini açıqlayıblar. Şirkət isə ofislərə basqın edilmədiyini, polisin əməkdaşların kompüter və digər cihazlarını yoxlamasına şərait yaradıldığını deyib. Daxili araşdırmadan sonra bir neçə əməkdaş işdən çıxarılıb. Daha 9 nəfər “Nvidia B300” qrafik prosessorlarının (GPU) qaçaqmalçılığında ittiham olunub.
Sunun günahını etiraf etməsi ABŞ administrasiyasının AI çiplərinin qanunsuz ixracına qarşı apardığı mübarizədə son hadisədir. Bundan əvvəl Kaliforniyada 300 milyon dollar (təxminən 510 milyon manat) dəyərində “Nvidia” AI serverlərini Çinə qaçaq yolla göndərməkdə şübhəli bilinən başqa bir texnologiya şirkətinin rəhbəri saxlanılıb. ABŞ administrasiyası belə addımlarla Çinin qabaqcıl süni intellekt avadanlığına çıxışını məhdudlaşdırmağa çalışır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...