Çində hərbi layihələr üçün Claude modelindən istifadə olunub
Təhlükəsizlik
13.09.2026
“Anthropic” 2026-cı ilin sentyabrında yaydığı təhlükə hesabatında Çinlə əlaqəli yüzlərlə şəxsin “Claude” modelindən ən azı 5 layihədə yararlandığını açıqlayıb. Layihələrin 2-si hərbi, 2-si müşahidə, 1-i isə modelin bacarıqlarını köçürmək məqsədi daşıyıb. Hesabata görə, “Claude” silah sistemlərinin hazırlanması, Tayvandakı hədəflərin təhlili və xaricdə yaşayan uyğurların izlənməsi üçün işlədilib. Şirkət bu iddiaları hesab məlumatları, sorğuların məzmunu və təhlükəsizlik sistemlərinin qeydləri ilə əsaslandırır.
Hərbi layihələrdən birində “Claude”dan torpedoya qarşı müdafiə silahının atəş idarəetmə qaydalarını hazırlamaq üçün istifadə olunub. Model açıq mənbələrdəki məlumatlara əsaslanaraq sistemi ABŞ Hərbi Dəniz Qüvvələrinin torpedo və sualtı qayıqlara qarşı vasitələri ilə müqayisəli şəkildə sınaqdan keçirib. Layihədə iştirak edən şəxs özünü ABŞ müdafiə sektorunda istehsalçı kimi göstərib və 200 səhifədən çox texniki təklif hazırlayıb. “Anthropic” həmin şəxsin Çin müdafiə istehsalçısı ilə əlaqəli olduğunu ehtimal edir.
Başqa bir hərbi tədqiqatçı elektron müharibə və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün “Claude” ilə təxminən 16 proqram modulu hazırlayıb. Proqram radarları, zenit raket komplekslərini, komanda məntəqələrini və rabitə qovşaqlarını təhlil edib, sonra hədəfləri vacibliyinə görə sıralayıb. Ssenarilərdən birində Tayvanda yerləşən 12 hədəf göstərilib. Siyahıda “Patriot” və “Tien Kung” batareyaları, aviabazalar, erkən xəbərdarlıq radarı və komanda bunkeri olub. Hesab məlumatları həmin şəxsin Çin tədqiqat qurumları, o cümlədən Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyası ilə əlaqəsini göstərib.
Müşahidə əməliyyatlarından biri Suriyadakı silahlı uyğur qruplarına sızmaq və xaricdə yaşayan uyğur fəalları izləmək məqsədi daşıyıb. Əməliyyatda iştirak edən şəxs özünü ərəbdilli mütəxəssis kimi göstərib. “Claude” 100-dən çox “WhatsApp” qrupu və onlarla “Telegram” kanalından toplanan məlumatları işləməyə kömək edib. Model fərqli platformalardakı şəxslər arasında əlaqə qurub, onların sosial çevrəsini müəyyən edib və əməkdaşlığa cəlb etmək üçün uyğun şəxsləri seçib.
Maddi çətinlik yaşayan, ailəsindən ayrı düşən və ya siyasi narazılığı olan şəxslər daha həssas hədəflər sayılıb. Sincanda qohumları yaşayan insanlar da ayrıca seçilib. “Claude” yerli dialektlərdə aldadıcı müraciətlər hazırlayıb, söhbətləri həmin anda tərcümə edib və göndəriləcək mesajların nə dərəcədə inandırıcı olduğunu qiymətləndirib. Eyni əməliyyat çərçivəsində “Uyghur Post” jurnalistlərinə qarşı kütləvi şikayətlər edilib və botların köməyi ilə məlumat yaymaq kampaniyaları aparılıb.
“Anthropic” Çin şirkətlərini “Claude”un bacarıqlarını öz süni intellekt modellərinə köçürməkdə də ittiham edib. Ən böyük kampaniyada “Alibaba” 2026-cı ilin mayından iyuluna qədər 151 milyondan çox sorğu göndərib. Bəzi günlərdə minlərlə saxta hesabdan göndərilən sorğuların sayı 3 milyona yaxınlaşıb. Şirkətin iddiasına görə, toplanan cavablarla “Qwen 3.x” modelinə məntiqi təhlil, proqramlaşdırma və uzunmüddətli tapşırıqları yerinə yetirmək öyrədilib.
Hesabatda oxşar fəaliyyətlərlə bağlı “DeepSeek”, “Xiaomi” və “Zhipu” şirkətlərinin də adı çəkilib. “DeepSeek” 14 gün ərzində 12,1 milyondan çox sorğu yaradıb. “Xiaomi”də bu rəqəm 400 mindən çox olub. Bunun üçün saxta hesablar, vasitəçi şəbəkələr və başqa istifadəçilərdən toplanan söhbətlər işlədilib. Bu üsulla güclü modelin cavabları kütləvi şəkildə toplanır, sonra onun bilik və bacarıqları daha az vaxt və hesablama gücü sərf etməklə başqa modelə köçürülür.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...