Google haker qruplarına yeni adlar verəcək
Təhlükəsizlik
10.08.2026
Sevinj
Google kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən haker qruplarının adlandırılması sistemini yeniləyib. Şirkətin məqsədi minlərlə müxtəlif haker qrupunun daha asan tanınmasını və izlənilməsini təmin etməkdir. Kibertəhlükəsizlik şirkətləri uzun illərdir haker qruplarına müxtəlif kod adları verirlər. Lakin problem ondadır ki, eyni haker qrupu müxtəlif şirkətlər tərəfindən fərqli adlarla tanına bilir. Bu isə təhlükəsizlik mütəxəssisləri, dövlət qurumları və jurnalistlər üçün qarışıqlıq yaradır.
Google-un tərkibində fəaliyyət göstərən Mandiant indiyədək APT1, APT41 kimi nömrələrdən istifadə edirdi. Yeni sistemdə isə bu yanaşmadan imtina edilir. Bundan sonra Google haker qruplarına iki sözdən ibarət adlar verəcək. Birinci söz yaddaqalan və təsadüfi seçilmiş ad olacaq. İkinci sözün ilk hərfi isə qrupun hansı ölkə ilə əlaqəli olduğunu göstərəcək.
Məsələn, Çinlə əlaqəli qruplar üçün Castle, İran üçün Ion, Şimali Koreya üçün Neptune, Rusiya üçün isə Relic sözlərindən istifadə ediləcək. Beləliklə, haker qrupunun adından onun hansı ölkə ilə əlaqələndirildiyini müəyyənləşdirmək daha asan olacaq. Google Threat Intelligence Group-un texnologiyalar üzrə direktoru Şeyn Hantlinin sözlərinə görə, belə bir dəyişikliyə ehtiyac haker qruplarının sayının kəskin artması ilə bağlıdır. Google hazırda müxtəlif ölkələr üzrə 5 000-dən çox kibertəhdid fəaliyyət klasterini izləyir.
Paylaş
