Kibercinayətkarlar üçün yeni alət: Google reklamları üzərindən istifadəçilər necə aldadılır?
Təhlükəsizlik
26.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə mütəxəssislər Google reklam platformalarında brendləri saxtalaşdırmağa və avtomatik təhlükəsizlik sistemlərini aldatmağa imkan verən mürəkkəb “malvertising” xidməti barədə xəbərdarlıq ediblər.
Kibertəhlükəsizlik şirkəti Varonis tərəfindən yayımlanan son hesabatda bildirilir ki, “1Campaign” adlanan bu xidmət kibercinayətkarlar üçün zərərli reklam kampaniyalarını geniş miqyasda idarə etməyə imkan verən vahid platformadır. Alət vasitəsilə hücumçular bir panel üzərindən həm zərərli məzmunu gizlədə, həm də fırıldaq sxemlərini idarə edə bilirlər.
Sistem xüsusi “cloaking” (gizlətmə) texnologiyasından istifadə edir. Bu texnologiya təhlükəsizlik tədqiqatçılarına, reklam platformalarının moderatorlarına və avtomatik skanerlərə zərərsiz, boş səhifə göstərir. Eyni zamanda adi istifadəçilərə fişinq və ya digər dələduzluq cəhdləri təqdim olunur. Nəticədə təhlükəsizlik mexanizmləri aldadılır, real istifadəçilər isə risk altına düşür.
Məlumata görə, 1Campaign yalnız gizlətmə funksiyası ilə kifayətlənmir. Platforma real vaxt analitikası, ziyarətçi profilləşdirməsi, “fraud score” sistemi və trafik bloklama imkanları da təqdim edir. Sistem IP ünvanlarını, coğrafi mövqeni, şirkət və ya provayder məlumatlarını, cihaz növünü və təhlükəsizlik indikatorlarını qeydə alır. Toplanan məlumatlar əsasında hər bir ziyarətçiyə xüsusi risk balı verilir və ona uyğun məzmun göstərilir.
Alətin “DuppyMeister” ləqəbli haker tərəfindən hazırlandığı və artıq üç ildir ki, kibercinayət bazarında dövriyyədə olduğu bildirilir. Xidmət üçün dəstək qapalı Telegram kanalları vasitəsilə təqdim olunur. Varonis Threat Lab araşdırmasına əsasən, platforma ənənəvi aşkarlama metodlarını yüksək effektivliklə yayındıra bilir.
Paylaş